
"Sizi dayanmağa çağırıram” - Sergey Surovikin
Rusiyanın xüsusi hərbi əməliyyat bölgəsindəki Rusiya müştərək qüvvələri komandanının müavini Sergey Surovikin Vaqner PMC-ni prezident Vladimir Putinin əmrini yerinə yetirməyə və bütün məsələləri sülh yolu ilə həll etməyə çağırıb.
Bu barədə Busaat.az TASS-a istinadən xəbər verir.
“Sizi dayanmağa çağırıram. Düşmən bizim daxili siyasi vəziyyətimizin gərginləşməsini gözləyir. Biz bu çətin zamanda düşmənin xeyrinə oynamamalıyıq. Çox gec olmadan milli iradəyə tabe olmaq lazımdır”, – Surovikin deyib.
O, bildirib ki, Müdafiə Nazirliyinin əmri ilə cəbhə bölgəsindən gəlib.
“Biz birlikdə çətin yol keçdik, birlikdə vuruşduq, riskə getdik, itkilər verdik, birlikdə qalib gəldik. Biz eyni qandanıq, döyüşçüyük”, – Surovikin bildirib.
Qeyd edək ki, Priqojinin Telegram kanalında bir neçə audio mesaj yayımlanıb. Priqojin Rusiya hərbi rəhbərliyini ittiham edərək, bölmələrinin hava hücumlarına məruz qaldığını bildirib. Bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) silahlı üsyana çağırış ittihamı ilə cinayət işi açıb.
Busaat.az























