
Sloveniya parlamenti Rusiyanın terrora sponsorluq edən dövlət kimi tanınması təşəbbüsünü rədd edib
Sloveniya parlamentinin aşağı palatasının xarici siyasət komitəsi Rusiyanı “terrorizmin sponsoru dövlət” elan etmək təklifini rədd edib.
Busaat.az xəbər verir ki, bu barədə Sloveniya mətbuat agentliyi məlumat yayıb.
Məlumata görə, komitə Sloveniya Demokratik Partiyası və onun lideri, keçmiş baş nazir Janez Yanşanın irəli sürdüyü təklifin rədd edilməsinə səs verib.
Sloveniyanın Xarici İşlər və Avropa İttifaqı İşləri Nazirliyinin dövlət katibi Samuel Zboqar deyib ki, Avropa qanunvericiliyində belə bir kateqoriya və ya ölkələr siyahısı yoxdur.
Sloveniyanın Radio və Televiziya Korporasiyası fevralın 22-də baş nazir Robert Qolobun bu ideyanı dəstəkləmədiyini bildirib.
Qeyd edək ki, ötən ilin noyabrın 23-də Avropa Parlamenti Rusiyanın terrorizmin himayədarı olduğunu göstərən qətnamə qəbul edib. Rusiya Xarici İşlər Nazirliyi isə bu addımın Avropanın anti-Rusiya kampaniyasının bir hissəsi olduğunu və reallıqla heç bir əlaqəsi olmadığını bildirib.
Busaat.az























