SSRİ-nin çöküşü və Qərbin təzadlı siyasəti

image-media-677242-967zaibshfwpc5kmqn3j-620x326backend

Özünün yaranış prinsipləri, əsaslandığı ideologiya və funksional mexanizmləri ilə Sovet İttifaqı əvvəl-axır çökməyə məhkum idi. Bu İttifaqın təxminən ilk 50 illik tarixi heç bir obyektiv bazisə söykənməyən İttifaq quruculuğu, təminatsız və məcburi kolxozlaşdırma layihəsi, proletar inqilabının dünyaya ixrac olunmasına edilən səmərəsiz cəhdlər, 2-ci dünya müharibəsi və ardınca gələn aclıq illərindən ibarətdir. 60-cı illərdə sovet adamının ilk dəfə kosmosa uçuşu ideoloji cəhətdən “kommunizm qurucuları”na mənəvi ruh yüksəkliyi gətirsə də süni sovet cəmiyyətinin real inkişaf trendləri hələ də öz müəyyənliyi tapmamışdı. Sosializm-kommunizm ideologiyasının qalib gəldiyini təsdiq edən heç bir sübut-dəlil ortaya çıxmamışdı. Brejnev hakimiyyəti sovet ideologiyasının qalib gəldiyini və inkişaf meyllərini göstərmək üçün “Xalq təsərrüfatı”nın inkişafı ilə bağlı saxta rəqəmlər uydurur və “homos sovietikus”ları və bütün dünyanı tezliklə sovetlər ərazisində kommunizmin qələbə çalacağına inandırmağa çalışırdı. Amma bütün bunlar yenə də kağız üzərində idi. Sovet hökümətinin və Kommunist Partiyasının çoxcildli hesabatlarında İldən-ilə artan inkişaf göstəriciləri real həyatda insanların həyat tərzinin elə 70-ci illərdəki durğunluq səviyyəsində ilişib qalması ilə müşaiyət olunurdu. Brejnev dövrünün saxtakarlıqları sovet adamının firəvan həyat illüziyalarını yaratmaqla bərabər həm də Sovet İttifaqının çöküşünü sürətlə yaxınlaşdırırdı. Bu çöküş artıq 80-ci illərdə bəzi ərzaq məhsullarının əldə olunmasına talon tətbiqindən başlamaqla sənaye nəhənglərinin bağlanmasına və növbəti aclıq illərinin başlanmasına qədər olan yolu sürətlə keçdi və formal olaraq 1991-ci ildə baş verdi. Amma yalnız formal olaraq.

İttifaq üzvlərinin öz müstəqilliyini elan etməsi bir an içində İttifaqın və bu İttifaqı nəyin bahasına olursa olsun saxlamaq və ya bərpa etmək iddiasında olan qüvvələrin yox olması anlamına gəlmirdi. Artıq bir neçə yaş nəslinin yuyulmuş beyinlərində kök salmış kommunizm idealını lümpenlərin xələflərinin yaşatmayacağını və mübarizəsiz təslim olacağını düşünmək yanlış idi. Zatən daha sonra baş verənlər də sovet ərazisinin gələcəyi ilə bağlı təsəvvürlərə heç bir nikbinlik vəd etmirdi. Metropoliya mərkəzində baş verən siyasi-ideoloji çəkişmələr, eyni zamanda metropoliya tərəfindən periferiyalarda yaradılan süni qarşıdurmalar bütün keçmiş sovet ərazisini qaynar bir qazana döndərirdi. Qarabağ, Fərqanə, Cənubi Osetiya, Abxaziya, Pridnestrovya, Krım kimi münaqişə ocaqları bütün keçmiş “müttəfiq” respublikaları hələ də imperiya mərkəzindən asılı vəziyyətdə saxlamağa hesablanmışdı. Keçmiş müttəfiq respublikalarda siyasi hakimiyyətə yiyələnmiş milli elitaların isə sonrakı hadisələrin hansı ssenarilər üzrə inkişaf edə biləcəyi haqqında təsəvvürləri belə yox idi. Hamının bir-birinə qarşı müharibəsi o zaman Qərb dünyasını da qane edirdi. Qərb dövlətləri baş verənləri səbrlə seyr edir, bu çaxnaşmaların sonunda haradan nə qazanmağın mümkün olacağını müəyyənləşdirməyə çalışırdılar. Onların hər biri bu münaqişələrdən əldə edilə biləcək “dividendlər” uğrunda mübaizədə öz müttəfiqlərindən geri qalmamağa can atırdı.

1991-ci ildən sonra Qərb dünyasının öz maraqları naminə sonrakı hadisələrə müdaxilə etməməsi Sovet İttifaqının real çöküşünü 2022-ci ilin Rusiya-Ukrayna müharibəsinə qədər uzatdı. Hələ 1991-ci ildə ləğv olunduğu elan edilmiş şər imperiyası keçən 3 onillik ərzində davamlı olaraq reanimasiya olunmağa cəhd göstərirdi. Artıq yaddaşlardan silinməyə başlamış sovet himninin müsiqisi hələ 2000-ci ilin son günündə yeni Rusiyanın yeni himninin notlarına köçmüşdü. 2014-cü ildə isə artıq təsviri təsəvvürlərdən silinmiş al-qırmızı sovet bayrağı Krımı və Donbası sovetləşdirməyə gəlmiş rus tanklarının üzərində yenidən dalğalanmağa başladı.
O zaman dünyada baş verən hər hansı təhlükəyə, ən gözlənilməz qlobal fəlakətlərə qarşı dayanıqlığa malik olan yeganə güc mənbəyi yalnız Qərb dövlətləri və onların yaratdığı beynəlxalq təşkilatlar idi. Ukrayna da haqlı olaraq öz nicatını məhz onlardan gözləyirdi. Qərb dünyası isə yenə də hadisələrə müdaxilə etməkdə qərarsız idi. Qərb düşüncəsi üçün tipik olan seçim 2 yoldan birini tutmağa vadar edirdi: 1) təcavüzkarın qarşısını almaq üçün qəti qərarlar qəbul etməklə müvafiq addımlar atmaq və dünya dövlətlərinin bərabər surətdə ahəngdar inkişafını təmin etmək və ya 2) baş verəcək növbəti qarşıdurmada kimin nə itirəcəyini və Qərbin hansı “dividendlər” əldə edə biləcəyini hesablayaraq öz vaxtını gözləmək. 2014-cü ildə Qərb 2-ci yolu seçdi və Ukraynanın Krımı itirməsi hesabına Qərbin Rusiyadan əldə etdiyi dividendlərin həcmi də artdı. Krımın ilhaqını həzm etməklə Rusiyadan iqtisadi-ticari preferensiyalar əldə etmiş Qərb razı görünürdü. The Telegraph yazır ki, Krımın ilhaq edilməsinə etiraz olaraq Avropa Birliyinin hələ 2014-cü ildə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq sonrakı 8 il ərzində AB ölkələri Rusiyaya 350 milyon avro dəyərində silah-sursat və hərbi texnologiya satıblar. Nəşrin bildirdiyinə görə ən azı 10 Avropa ölkəsi AB tərəfindən qoyulmuş embarqonu pozub. 2014-2022-ci illərdə Almaniya 121 milyon, Fransa isə 152 milyon avro dəyərində hərbi-texniki vasitələri sanksiyalardan yayınmaqla Rusiyaya ixrac edib. Bundan başqa İtaliya, Böyük Britaniya, Avstriya, Çexiya və Bolqarstanın da Rusiyaya hərbi təyinatlı məhsullar ixrac etdiyi bildirilir. Avropa dövlətlərinin bu ikiüzlü yanaşması və öz mənafeyi naminə AB səviyyəsində qəbul olunmuş sanksiyalaradan yayınmaq həvəsi Rusiyanı daha böyük qələbələrə ruhlandırırdı və elə bu ruhla da Putin Rusiyası 2022-ci ilin 24 fevralında 150 minlik qoşunla bütün cinahlardan Ukraynaya hücum edərək müstəqil bir ölkəni dünyanın siyasi xəritəsindən silmək kimi iddialı bir müharibəyə başladı. Bu dəfə üzərində al-qırmızı sovet bayraqları dalğalanan tanklar Kiyevin yaxınlığına- Avropanın mərkəzinə qədər gedib çıxdı.

Müharibə başlayandan bir neçə gün sonra V. Zelenskini Brüsseldə və ya Londonda sığınacaqla təmin etməyə hazırlaşan Qərb hələ də təhlükənin təkcə Ukrayna üçün yox, elə Qərbin özü üçün, bütün sivil dünya üçün nə qədər yaxın olduğunu dərk edə bilmirdi. Ukrayna xalqının düşmən qarşısından qaçmayıb məğrurluqla ölüm-dirim savaşına qoşulması, Qərbi ayıltmaq, bütün Avropanın birbaşa təhlükə ilə üz-üzə qaldığını anlatmaq və Qərbi hərəkətə gətirmək üçün Zelenskinin gecə-gündüz göstərdiyi səylər nəhayət ABŞ və Avropanı qlobal təhlükənin reallığına inandıra bildi. Mayın 9-da ABŞ Prezidenti Co Bayden Ukraynanı dəstəkləmək məqsədilə tarixi “Lənd-Liz” qanununu imzaladı. Amma özlərini Avropanın lokomotivi hesab edən Almaniya, Fransa və İtaliya kimi dövlətlər hələ də Ukraynanı dəstəklədiklərini imitasiya edir və Ukrayna Rusiya hücumlarının qarşısını ala biləcək ağır texnikanın verilməsini müxtəlif bəhanələrlə uzatmağa çalışırlar.

Bütün bunlara baxmayaraq müharibənin birinci fazası Ukraynanın mənəvi üstünlüyü ilə başa çatıb. Ukraynanı fəth etməyin mümkün olmadığını anlayan Putin Rusiyası artıq yalnız Donbası işğal etməklə qane olmağa razı kimi görünür. Amma Ukrayna xalqı öz torpaqlarını son qarışına qədər işğaldan azad etməkdə israrlıdır. Bu mübarizə əzmi Avropanı və NATO-nu da ürəkləndirib və nəhayət müharibənin artıq yalnız Donbas uğrunda gedən 2-ci fazasında Qərb Ukraynaya əməli hərbi yardım göstərməyə başlayıb. Bu son döyüş ola bilər. Nəticəsi isə SSRİ-nin 30 ildən bəri gözlənilən qəti çöküşü ola bilər. Bu Ukraynanın təkcə öz azadlığı və müstəqilliyi üçün deyil, bütün bəşəriyyət qarşısında heç zaman unudulmayacaq ən böyük tarixi qələbəsi ola bilər.

Murad Türksoy

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90