
Suriyada terror təşkilatına dəstək verən ABŞ komandirindən qalmaqallı AÇIQLAMA
Türkiyənin Suriyada mümkün quru əməliyyatı gündəmdə qalarkən, ABŞ-dan bu əməliyyata yeni etiraz gəlib.
Busaat.az xəbər verir ki, əsasını terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə dəstək verən ABŞ Türkiyənin Suriyanın şimalında havadan və qurudan əməliyyat keçirmə etimalına qarşı yeni açıqlamalar verib.
ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı Michael Erik Kurilla, Türkiyənin Suriya əməliyyatının qarşısının alınması lazım olduğunu müdafiə edib: “Burada gərginliyi azaltmaq və türklərin Suriyaya daxil olmasını əngəlləmək üçün atılacaq addımlar çox vacibdir. Mən çox narahatam, çünki bu, regionda qeyri-sabitliyə və Suriyadakı tərəfdaşlarımızın İŞİD həbsxanalarına nəzarəti itirməsinə səbəb ola bilər”.
Kurilla həmçinin bildirib ki, son vaxtlar Suriyada çox sayda İŞİD yaraqlısı həbsxanalardan qaçıb. Kurilla Suriyada terror təşkilatı üzvləri ilə ən çox görüşən ABŞ komandirləri arasındadır.
ABŞ rəsmiləri uzun müddətdir ki, Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı açıqlamalar verirlər. ABŞ ordusu əsasını terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri ilə bu ayın əvvəlində yenidən birgə patrul xidmətinə başlayıb və birgə əməliyyat keçirib.
Noyabrın 13-də İstanbulun mərkəzi Taksim İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi terror aktından sonra Türkiyə Suriya və İraqın şimalına hava əməliyyatı başladıb. Prezident Rəcəb Tayyib Ərdoğan quru əməliyyatına da işarə edib.
Belə bir quru əməliyyatına qarşı ABŞ-dan başqa, Bəşər Əsəd administrasiyasını dəstəkləyən Rusiya daqarşı çıxıb.
Busaat.az























