
Suriyada zəlzələlər nəticəsində ölənlərin sayı 3574-ə çatıb
“Əsrin fəlakəti” olaraq adlandırılan zəlzələlərdən zərər çəkən Suriyada ölənlərin sayı 3574-ə çatıb.
Busaat.az xəbər verir ki, zəlzələlərdən təsirlənən Suriyanın İdlib, Hələb, Hama, Latakiya və Tartus vilayətlərində axtarış-xilasetmə işləri davam edir .
Suriya İnsan Haqları Şəbəkəsi (SNHR), Mülki Müdafiə (Ağ Dəbilqəlilər), yerli hakimiyyət orqanları, səhiyyə təşkilatları və yerli mənbələrdən verilən məlumata görə, 2 min 166 adam həyatını itirib, 950-dən çox insan yaralı var.
SANA xəbər agentliyinin xəbərinə görə, Hələb, Latakiya, Hama və Tartus əyalətlərində rejimin nəzarətində olan bölgələrdə 1408 nəfər həyatını itirib, 2341 nəfər isə yaralanıb. Beləliklə, Suriyada həyatını itirənlərin sayı 3574-ə yüksəlib.
Müxalifətin nəzarətində olan ərazilərdə xilasetmə işlərinə Suriya Milli Ordusunun (SMO) üzvləri də cəlb olunub.
Evləri dağılmış və zəlzələdən sağ çıxan minlərlə insan gecəni küçələrdə, məscidlərdə və ya müvəqqəti çadırlarda keçirir.
Cinderesdəki vəziyyət
Suriyanın şimalındakı Afrin rayonunun Cinderes qəsəbəsi zəlzələlərdən ən çox zərər çəkən yaşayış məntəqələrindən biridir.
Son məlumatlara görə, axtarış-xilasetmə işləri zamanı ərazidən 500-dən çox insanın cəsədi tapılıb, yüzlərlə yaralı var.
Busaat.az























