“Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün  məqbul deyil” – Prezidentbackend

“Bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır”.

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, birinci layihə Şuşa şəhərinə yol layihəsidir:

“Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik – həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik. Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq. Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək”.