
Talibanın qızların təhsil almasına qadağa qoyması ilə bağlı Körfəz ölkələri və İƏT-dən REAKSİYA
Körfəz ölkələri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstandakı Taliban administrasiyasının qızların universitetdə təhsilini dayandırdığını elan etməsinə reaksiya verib.
Busaat.az xəbər verir ki, İƏT, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Taliban rəhbərliyini qəbul etdiyi qərardan dönməyə çağırıb.
İƏT-in baş katibi Hüseyn İbrahim Taha Talibanın qərarının böyük dəhşət və narahatlıq yaratdığını ifadə edərək, Kabil administrasiyasından bu qərarın ləğv edilməsini istəyib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi açıqlamasında Əfqanıstanın müvəqqəti hökumətinin qərarından təəssüfləndiyini bildirib.
Bəyanatda bu qərarın əfqan qadınlarına bütün qanuni hüquqların, xüsusilə də təhsil hüququnun verilməsi prinsipinə zidd olduğu vurğulanıb. Nazirlik Taliban rəhbərliyini qərarından əl çəkməyə çağırıb.
Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında sözügedən qərarın narahatlıq və məyusluqla qarşılandığı, bu mənfi təcrübələrin Əfqanıstanda insan haqları, inkişaf və iqtisadiyyata ciddi təsirləri olacağı qeyd edilib.
Bəhreyn Xarici İşlər Nazirliyi verdiyi açıqlamada Bəhreynin bu qərardan dərin təəssüfləndiyini və onu böyük narahatlıqla qarşıladığını bildirib. Bəyanatda Əfqanıstan hökumətindən qərarı yenidən nəzərdən keçirməsi xahiş olunub.
BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, BƏƏ xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan və onun pakistanlı həmkarı Bilaval Bhutto Zərdari arasında telefon danışığı zamanı Talibanın qərarı müzakirə olunub.
Qadağanın narazılığa səbəb olduğu qeyd edilən açıqlamada, hər iki nazir İslamın qadına imtiyazlı mövqe verərək onların hüquqlarını qoruduğunu, beləliklə də qadınlara böyük önəm verdiyini vurğulayıblar.
Bəyanatda həmçinin qadınların hüquqlarının təmin edilməsinin zəruriliyi vurğulanıb, qadın və qızların həyatın bütün sahələrində bərabər iştirakının vacibliyi qeyd edilib.
Busaat.az























