
Talibanın qızların təhsilini dayandırmasının nəticələri olacaq – Ned Prays
Əfqanıstanda Talibanın növbəti xəbərdarlığa qədər qız tələbələrin universitetlərdə təhsilini dayandırması barədə qəbul etdiyi qərar qəbuledilməzdir və ABŞ-ın sanksiyalarla cavabına səbəb olacaq.
Busaat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Gündəlik mətbuat konfransında çıxış edən Prays vurğulayıb ki, Talibanın Əfqanıstanda qızların universitet təhsilini dayandırmaq qərarı Əfqanıstan əhalisinin yarısını ali təhsildən məhrum edəcək.
Əfqan qadınlarının hər il iqtisadiyyata 1 milyard dollardan çox töhfə verdiyini qeyd edən Prays, Talibanın bu töhfənin qarşısını almağa çalışdığını ifadə edib: “Bundan başqa, Taliban əfqan qadınlarını həmişəlik daha qaranlıq və qısır gələcəyə məhkum edib. Əhalinin yarısı özbaşına təhsildən məhrum edilərsə, heç bir ölkə inkişaf edə bilməz. Təhsil beynəlxalq səviyyədə tanınmış insan hüququdur və Əfqanıstanın iqtisadi inkişafı və sabitliyi üçün vacibdir. Bu qəbuledilməz mövqenin Taliban üçün mühüm nəticələri olacaq”.
Qızların universitet təhsilini dayandırdığına görə Talibanı məsuliyyətə cəlb edəcəklərini ifadə edən Prays əlavə edib: “Bunu etmək üçün istifadə edə biləcəyimiz bir neçə vasitə var. Bu gün daha ətraflı məlumat verə bilmərəm. Talibanın bəzi yüksək rütbəli üzvləri artıq müəyyən tədbirlərə məruz qalırlar”.
2021-ci ilin avqust ayından bəri Talibanla əlaqədə olduqlarına diqqət çəkən Prays, Talibanın ABŞ-la əlaqələr qurmağa hazır olduğunu dilə gətirib.
Sözçü davam edib: “Bizim üçün ən vacib olan məsələlərlə bağlı onlarla bir neçə söhbətimiz oldu. Onların da indi özləri üçün ən vacib olan məsələlərlə bağlı bizimlə birbaşa əlaqə saxlamaq imkanları var. Onlar bizə bildirdilər ki, Birləşmiş Ştatlarla münasibətlərini yaxşılaşdırmaq istəyirlər. Onlar həm də gələcəkdə atılacaq konkret, real addımların tərəfdarıdırlar”.
Prays Talibanın Əfqanıstanda həbsdə olan iki ABŞ vətəndaşını azad etdiyini və onların Qətərə gəldiyini təsdiqləyib və bu addımı alqışladıqlarını bildirib.
Busaat.az























