“Tanrının məbədini qorumaq lazımdır” – Qonşularımız Qafqaz Albaniyasını necə erməniləşdirirlər?

image-1280px-chasovnya_sv-_grigorisabackend

Mehriban simalar, israrla nahara dəvət, yolda yeməyə isti təndir çörəyi…

Dağıstanın Nüqdi kəndinin yerli azərbaycanlı ailəsi Müqəddəs Qriqoris kilsəsini ziyarət etmək üçün oraya getmiş alimləri “qafqazlısayaq” qonaqpərvərliklə qarşılayıb. Vaxtilə yəhudilərin yaşadığı yer olan Nüqdi kəndində hazırda, əsasən, azərbaycanlılar yaşayır. Onların müsəlman olmalarına rəğmən, bu Xristian dini ziyarətgahını qoruyub saxlayırlar. Azərbaycanlı ailələr tam səmimiyyətlə əmindirlər ki, “Tanrının məbədini qorumaq lazımdır”.

Onlar Dərbənddə “Qafqaz Albaniyasında dövlət dini kimi xristianlığın qəbulunun 1700 illiyi” mövzusunda ümumrusiya elmi-təcrübi konfransının qonaqlarına kilsənin açarını böyük lütfkarlıqla təqdim ediblər.

2013-cü ildə təşkil edilmiş bu konfrans zamanı alimlər Xristian memarlığına məxsus abidənin həqiqətən kimə mənsub olduğunu yerində görmək istəyirdilər. Çünki konfransın erməni iştirakçıları həmin abidəyə iddia irəli sürmüşdülər. Ermənilərin iddiasına görə, Dağıstanda xristianlığın tarixi qədim zamanlardan erməni kilsəsinin fəaliyyəti ilə bağlıdır. Guya məhz erməni rəhbərlər bu ərazilərdə xristianlığın yayılmasında həlledici rol oynayıblar. Dağıstanda erməni kilsəsinin qədim ocağı kimi isə onlar məhz Nüqdi (Molla Xəlil) kəndindəki məbədi misal göstərirlər. Guya o, IV əsrdə Maarifpərvər Qriqorinin nəvəsi müqəddəs Qriqorisin öldürüldüyü yerdə tikilib.

Qeyd edək ki, IV əsrin 30-cu illərində Qriqoris Alban hökmdarlarının xahişi ilə İveriya və Albaniya yepiskopu elan edilib. Albaniyaya gələn yepiskop Qriqoris “insanları keşişliyə qəbul edir, onları müqəddəslərə xidmət etməyə inandırır və apostol həqiqətinə sevgisinin atəşində yanırdı”. 337-ci (yaxud 338-ci) ildə yepiskop Qriqoris hunların Maskut çarı Senesan (Sanatruk) tərəfindən qətlə yetirilib. Xəzər dənizinin qərb sahillərində (Dağıstandan Abşeronadək və daha cənubadək) yaşayan maskutlar (maşkutlar, massagetlər) döyüşkən xalq olub və antik dünyanı qorxu altında saxlayıblar. Bakı ətrafında yerləşən Maştağa kəndinin indiki adı da məhz maş(s)kutların qüdrətindən qalan xatirədir.

Qədim mənbələrdə maskutların hun xalqı olduğu xüsusi vurğalanır. Onların döyüşçüləri mükəmməl döyüş qabiliyyətinə malik əla atlı olublar. Yəni türk xalqı olan maskutlar qədimdən Qafqazda geniş əraziyə malik idilər. Onlar müqəddəs Qriqorisi atın quyruğuna bağlayaraq öldürüblər. Qeyd edək ki, bu, türklər arasında qədim zamanlarda geniş yayılmış edam vasitəsi idi.
Maraqlıdır ki, Qriqorisin ölümü ilə bağlı erməni tərəfi qədim erməni mənbələrinə istinad edərək qədimdən həmin regionda yaşamış hun-maskutların türkəsilli olduğunu nədənsə “görmürlər”. Biz isə yenidən bilavasitə Müqəddəs Qriqoris məbədinə qayıdaq.

Erməni mənbələrinə, o cümlədən “Hayazq” fonudunun ensiklopediyasına inansaq, əvvəllər bu yerdə “337-ci ildə tikilmiş Müqəddəs Qriqoris kiçik kilsəsi olub və rəvayətə görə, o, gənc Qriqorisin öldürüldüyü yerdə ucaldılıb”. Dərbənddə keçirilən konfransın erməni iştirakçılarının versiyasına əsasən, sonralar – XIX-XX əsrlərdə həmin kilsə dəfələrlə bərpa olunub. Amma bu gün Nüqdi kəndindəki Müqəddəs Qriqoris kiçik kilsəsi ilə bağlı ilk yazılı məlumatlar erməni publisist Rostob bəy Yerzinkyanın onu ziyarətə gəldiyi 1857-ci ilə təsadüf edir. Bu məkan həmişə həm xristianlar, həm də müsəlmanlar üçün müqəddəs yer sayılıb. Onun yerində nə vaxtsa erməni kilsəsinin olduğuna dair heç bir informasiya yoxdur.

Dərbənd konfransı sırasında bu sətirlərin müəllifinin də olduğu iştirakçılar özləri də kilsədə heç bir qədim izlər və ya onun deyiləndən daha əvvəl inşa olunduğunu göstərən əlamətlər aşkarlaya bilməyiblər. Bununla yanaşı, məlum olub ki, mərhum azərbaycanlı Kamil Qüdrətovun sayəsində kilsənin XIX əsrin sonlarında bərpa olunduğuna dair məlumatın yazıldığı xatirə daşı indiyədək qorunub saxlanılıb. İndi isə ermənilər bu kilsəni bərpa edərək onu VI əsr tikilisi kimi qələmə verməyə çalışırlar. Qeyd edək ki, XX əsrin əvvəllərində bu kilsə ya yenidən bərpa edilib, ya da ermənilər onu tikib qurtarmağa cəhd göstəriblər. Bir neçə il əvvəl isə Müqəddəs Qriqoris kilsəsinin növbəti dəfə bərpasına və tikintisinə başlanılıb və bərpa işləri bu gün də davam etdirilir.

Beləcə bəlli olur ki, XIX əsrdən alban kilsələrinin kütləvi şəkildə erməniləşdirilməsi prosesinə başlanılıb. Bu proses hazırda Azərbaycanın işğal altındakı ərazilərində də aparılır. Alban sivilizasiyasının abidəsi olan “Qandzasar Monastır Kompleksi” Ermənistan tərəfindən işğal olunmuş Qarabağdakı çoxsaylı digər məbədlər kimi, dəyişikliklərə məruz qalıb, həmin abidələrdə yenidənqurma və “bərpa işləri” aparılıb. Məqsəd isə yalnız onların erməniləşdirilməsidir. Xoşbəxtlikdən qədim əlyazmalar, tədqiqat nəticələri və kitablar bu gün də qalmaqdadır. Onların hamısı Qandzasarın ilkin durumunu və təyinatını üzə çıxarmağa imkan verir. Məsələn, akademik İ.Orbelinin elmi araşdırmalarında (1887-1961), yepiskop Makar Barxudaryansın əsərlərində (1887-1961) çoxlu sayda faktoloji material toplanıb. Bu mənbələr məbədlərdə, kitabələrdə və qəbirüstü epitafiyalarında erməniləşdirilmə aparılanadək olan vəziyyəti dəqiqliklə göstərir. Bu, Dərbənddə keçirilən konfransın azərbaycanlı iştirakçılarının çıxışlarında da vurğulanıb.

Xatırladaq ki, Qafqaz Albaniyasının dövlət dini kimi Xristianlığın qəbulunun 1700 illiyi ilk dəfə 2013-cü ildə Azərbaycanda – Qəbələ rayonunun Nic kəndində qeyd olunub. Bu tarixin seçilməsi heç də təsadüf deyil. Bəzi mənbələrə görə, Alban çarı Urnayr Alban knyazları və ordusu ilə birlikdə məhz 313-cü ildə Müqəddəs Qriqori tərəfindən xaç suyuna salınıblar. Bütün Qafqaz Albaniyasında olduğu kimi, Dərbənddə də xristianlaşma I əsrin ortalarında yayılıb. V-VII əsrlərdə isə Dərbənd Şərqi Qafqazın əsas xristianlıq mərkəzlərindən biri kimi çıxış edib. Orta əsrlərin alban müəllifi Moisey Kalankatuyskinin məlumatına görə, Alban kilsəsi patriarxlarının iqamətgahı məhz burada yerləşib.

Erməni məruzəçilərin Dağıstanın qədim xristianlıq irsinin erməni kilsəsinə məxsusluğu haqda iddiaları isə konfrans iştirakçıları arasında qızğın müzakirələrə səbəb olub. Dağıstan elm ictimaiyyətinin nümayəndələri erməni tərəfinin bu iddialarını birmənalı şəkildə rədd edərək Dağıstanda və bütün Qafqazda xristianlıq tarixinin Alban kilsəsi ilə, Qafqaz Albaniyası və qədimdən orada yaşayan xalqlarla birbaşa bağlı olduğunu göstəriblər.

Elə 2013-cü ildə keçirilən Dərbəd konfransının diskussiyaları zamanı Azərbaycandan olan nümayəndə heyətinin üzvləri Qafqaz Albaniyası irsinin Qafqazın bütün xalqlarının ümumi mədəni-tarixi xəzinəsi olduğunu bildirib, onu “millətlər arasında bölməyin”, bununla da, xalqlar arasında münaqişələrə yol açmağın mənasız olduğunu qeyd ediblər. Sonda Azərbaycan tərəfinin bu mövqeyi konfrans təşkilatçıları və diskussiya iştirakçıları tərəfindən də dəstəklənib. Onlar Qafqaz Albaniyası irsinin hər hansı bir ölkə tərəfindən “milliləşdirilməsi” cəhdlərinin faydasızlığını və təhlükəli olduğunu etiraf ediblər.

Müəllif: Rizvan Hüseynov
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki