Taxıl sövdələşməsi böhranı böyüyür – Rusiyadan sərt BƏYANAT

image-bugdabackend

Qara dəniz taxıl sazişindən çıxan Rusiya müqavilənin icra oluna bilməyəcəyini iddia etsə də, BMT və Türkiyə müqaviləni qüvvədə saxlamaq üçün sıx diplomatik gediş-gəliş həyata keçirir. Rusiyanın taxıl daşınmalarının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini nəzərə alsaq, Qara Dəniz Taxıl Sazişinin çox uzun müddətə icra edilməsi mümkün görünmür.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Ukraynanın addımlarının razılaşmaya xələl gətirdiyini irəli sürən Peskov Rusiyanın razılaşmaya qayıtması üçün hansı mühitin yaradılması lazım olduğu sualına cavab verməyib.

Digər tərəfdən, Türkiyə Müdafiə naziri Hulusi Akar taxıl dəhlizi ilə bağlı son hadisələrdən sonra bu axşam rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla görüşəcək. Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Hulusi Akar qeyd edib: “Bu təşəbbüsün dayandırılması nə Rusiyaya, nə Ukraynaya, nə də başqalarına fayda verməyəcək. Biz Ukraynanın müdafiə naziri və Rusiyanın müdafiə naziri ilə müzakirələrimizi davam etdiririk. Biz onlarla görüşüb bu təşəbbüsün davam etdirilməsinə çalışacağıq”.

Xatırladaq ki, Rusiya Ukraynanın Sevastopol limanında rus gəmilərinə hücum etdiyini bildirdikdən sonra sazişdən çıxmaq qərarına gəlib.

Moskvanın taxıl sazişindən çıxmasına baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı, Türkiyə və Ukrayna razılaşmanın davam etdirilməsi üçün müqavilə çərçivəsində 16 gəminin irəliləməsinə imkan verəcək fəaliyyət planı hazırlayıb.

Bildirilir ki, BMT və Türkiyə sazişin qüvvədə qalması üçün əlindən gələni edir. Yenə BMT-nin bəyanatına görə, Rusiya rəsmiləri dünənki danışıqlarda Moskvanın problemli mövzularda BMT və Türkiyə nümayəndə heyətləri ilə dialoqunu davam etdirəcəyini bəyan ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün verdiyi açıqlamada vurğulayıb: “Rusiya eyni imkanların özü üçün təmin edilmədiyi üçün tərəddüd etsə də, bəşəriyyətə xidmət etmək üçün səylərimizi əzmlə davam etdirəcəyik”.

FRANSADAN YENİ MARŞRUT PLANI

Rusiyanın Qara dəniz taxıl sazişindən çıxmasından sonra Fransa ərzaq məhsullarının Ukraynadan ixrac oluna bilməsi üçün Polşa və ya Rumıniya üzərindən quru daşımaları üzərində çalışıldığını açıqlayıb.

Fransanın Kənd Təsərrüfatı Naziri Mark Fesneau RMC Radiosuna bildirib: “Qara dənizdən keçmək mümkün deyilsə, bunun əvəzinə quru daşımalarını nəzərdən keçiririk… biz xüsusilə Rumıniya və Polşadan keçən magistral yollara baxırıq”.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü, “Biz dəniz yolu ilə daşımaların davam etdirilməsi üçün əlimizdən gələni edirik” – deyə, qeyd edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki