
Təl-Əvivdə məhkəmə islahatına qarşı yeni nümayiş keçirilib
İsraildə məhkəmə islahatına qarşı olan bir qrup insan Təl-Əvivdə yeni etiraz aksiyası təşkil edib.
Busaat.az xəbər verir ki, bu barədə The Times of Israel məumat yayıb.
Məlumata görə, etirazçılar şəhərin mərkəzindəki Rotşild bulvarına toplaşaraq, oradan əllərində İsrail bayraqları ilə Təl-Əviv Rayon Məhkəməsinin binasına doğru gediblər. Nümayişçilər daha sonra müxalifətin bütün əsas etiraz aksiyalarını keçirdiyi şəhərin şərqində yerləşən hökumət binaları kompleksinə doğru irəliləyib.
Nəşrin məlumatına görə, aksiyada bir neçə min insan iştirak edib. Heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, İsraildə kütləvi etirazlar Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin kütləvi məhkəmə islahatları planını təqdim etdiyi ilin əvvəlindən bəri davam edir. Müxalifət dərhal bu layihənin İsraildə demokratiyanın əsaslarını sarsıtdığını düşünərək ona qarşı çıxıb.
Hökumət isə öz növbəsində islahatın əksinə, ölkənin siyasi sistemini daha demokratik edəcəyini bildirir. Hakim koalisiya və müxalifətin bu problemin həllini tapmaq cəhdləri hələlik uğursuzluqla nəticələnib.
Busaat.az























