
“Türk axını”nı qoruyan hərbi gəmimizə hücum edilib - Rusiya
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə “Türk axını” və “Bluestream”in (“Mavi axın”) mühafizəsinə cavabdeh olan kəşfiyyat gəmilərinin hücuma məruz qaldığını və hücumların dəf edildiyini bildirib.
Busaat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi “Telegram” hesabında mayın 24-də səhər saat 5:30-da Qara dəniz donanmasının kəşfiyyat gəmisi “İvan Xurs”un Ukrayna Silahlı Qüvvələrinə aid üç yüksək sürətli pilotsuz dəniz vasitəsi tərəfindən hədəfə alındığını açıqlayıb.
Nazirlik Türkiyənin müstəsna iqtisadi zonasında “Türk axını” və “Mavi axın” qaz kəmərlərinin təhlükəsiz istismarını təmin etmək üçün ərazidə olan döyüş gəmisinə edilən hücumun dəf edildiyini qeyd edib.
Müdafiə Nazirliyi bildirib ki, Bosfor boğazından 140 km şimal-şərqdə bütün hücum vasitələri adi silahlarla məhv edilib.
Hücum barədə məlumat səhər saatlarında Rusiya müdafiə müxbirləri tərəfindən irəli sürülüb, lakin təsdiqləmək mümkün olmayıb. Ukrayna Silahlı Qüvvələri də hələlik məsələ ilə bağlı şərh verməyib.
Busaat.az























