
Türkiyə Aİ-yə üzvlüklə bağlı danışıqlar prosesini sürətləndirəcək - Ərdoğan
Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv kimi daxil olması ilə bağlı danışıqları sürətləndirmək niyyətindəyik.
Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Vilnüsdən qayıdarkən jurnalistlərə bildirib.
“Avropaya inteqrasiya prosesimizin canlanması ilə bağlı Avropa İttifaqında müsbət ab-hava var. Gömrük ittifaqı çərçivəsində münasibətlərin yenilənməsi ilə bağlı danışıqları sürətləndirəcəyik ki, bu da iqtisadiyyatımıza müsbət təkan verəcək”, – Ərdoğan deyib.
O, qeyd edib ki, o, rəsmi nümayəndəsi və baş müşaviri Arif Çağatay Kılıcı Avropaya inteqrasiya ilə bağlı danışıqlar aparmaq üçün Brüsselə göndərib.
“Müşavirimiz cənab Çağatayı sabah əlaqədar danışıqların keçiriləcəyi Brüsselə göndərdik. Onlar həm gömrük ittifaqı, həm də vizasız rejimi müzakirə edəcəklər. Ümid edirəm ki, danışıqlar Türkiyənin xeyrinə olacaq. Avropa Komissiyasının sədri Ursula von der Leyen də bununla bağlı bizə bir sıra müsbət şeylər söylədi”, – Ərdoğan qeyd edib.
Xatırladaq ki, iyulun 10-da Vilnüsdə Ərdoğanla İsveçin baş naziri Ulf Kristersson arasında keçirilən görüşdə protokol imzalanıb. Protokola əsasən Stokholm Türkiyədə terrorçu elan edilmiş təşkilatlara qarşı mübarizə aparacaq və Aİ-yə tamhüquqlu üzv kimi qoşulma prosesini asanlaşdıracaq.
Busaat.az























