
Türkiyə hələ də İsveçin NATO-ya üzvlük təklifini təsdiq edə bilmir - Ərdoğan
Türkiyə hələ də terrorçuları dəstəklədiyi üçün İsveçin NATO-ya üzvlüyünü təsdiq edə bilmir.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz NATO-nun açıq qapı siyasətini dəstəkləmişik. Finlandiyanın üzvlüyünü təsdiqləmişik. Amma biz terrorçuları alqışlayanları dəstəkləyə bilmərik. İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik”, – Ərdoğan deyib.
Qeyd edək ki, Ərdoğan 28 iyun 2022-ci ildə Finlandiya prezidenti Sauli Niinisto, İsveçin o vaxtkı baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlar aparıb. Danışıqlar nəticəsində Stokholm üçün bir növ yol xəritəsi olan memorandum əldə olunub.Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləsə də, Stokholmdan terrorla mübarizə üzrə Madrid memorandumunun bütün müddəalarını yerinə yetirməsini tələb edərək İsveçin üzvlük ərizəsini təsdiqləməkdən imtina edib.
Ankara həmçinin Stokholmu Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının tərəfdarları ilə əlbir olduğuna və Quran yandıran aksiyalara görə tənqid edib.
Busaat.az























