Xəbər verdiyimiz kimi, bir qrup azərbaycanlı jurnalist Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və Nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olublar. Səfər çərçivəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İzmir regional mədəniyyət və turizm idarəsinin müdiri Murad Qaraçanta Busaat.az-ın suallarını cavablandıb.
-Murad bəy, söhbət əsnasında diqqətimizi çəkən əsas məqamlardan biri də sizin musiqiyə sevginiz, xüsusən də qarmon ifa etməyiniz oldu. Nə üçün məhz qarmon?
-Mən əslən Azərbaycan türküyəm. Ailəmiz 1925-ci ildə Ermənistanın Gümrü şəhərindən Qarsa köçüb. Qarsda yaşayan əhalinin 70-80 faizi də əslən azərbaycanlıdır. Həmin insanlar da öz mədəniyyətlərini hər zaman davam etdirərək qarmona xüsusi maraq göstəriblər. Düzdür, əvvəllər qarmon olmadığı üçün əsasən, akardiona üstünlük verirdik. Mən də bu mədəniyyət və kökdən gəldiyim üçün hər zaman bu həvəslə böyümüş və akardionda ifa etməyə başlamışam. Təbii ki, o zamanlar vasitələr çox olmadığı üçün əsasən radio dinləyirdik. Daha çox Zeynəb Xanlarova, Şövkət Ələkbərova və digərlərinə qulaq asırdıq. Təbii ki, Qarsda yaşayan insanlar ta əvvəldən öz mədəniyyətlərini yaşadır və inkişaf etdirirdilər, lakin Azərbaycanda yeni çıxan mahnıları ancaq radioada dinləyə bilirdik. Mən də bu mahnıları radioada dinləyə-dinləyə qarmon ifa etməyə başladım. Qarsda yaşayan hər Azərbaycan türkünün birinci məqsədi qarmonla bağlıdır. Qarsda toylarda, el şənliklərində əsas musiqi aləti belə qarmondu. Hətta, mənə görə, Azərbaycanın əsas musiqi aləti tar yox, qarmondur. Ən azından, Qarsda belədir.
-Türkiyədə mədəniyyət sahəsində bəlli bir səlahiyyətləriniz var. Səaliyyətlərinizdən istifadə edərək, qarmonun Türkiyə musiqi məktəblərində tədris olunmasını istəyərsizmi?
-Türkiyədə qarmon musiqi aləti kimi tədris olunmur. Lakin müxtəlif tədbirlərdə, Mədəniyyət və Turizm Nazirliyinin tədbirlərində qarmon ifaçılarına müraciət edilir. Düzdür, əvvəllər bunun üçün Azərbaycanda fəaliyyət göstərən sənətçiləri dəvət edirdilər, lakin Türkiyədə də qarmon ifaçıları yetişməyə başladı və tədbirlərdə onlara ehtiyac duyuldu. Yəni, qarmon sənətinin xüsusi məktəbi olmasa da, qarmon ifaçıları həvəskar ifaçılar deyil, hər biri Konservatoriya məzunlarıdır, professional musiqi təhsilləri var.
-Bildiyiniz kimi, Azərbaycanda dünya şöhrətli musiqi peşəkarları olub və hətta onlardan bəziləri Şərqdə musiqinin əsasını qoyanlardan olub. Buna misal olaraq Üzeyir Hacıbəyov və digər sənətkarları götərmək olar. Bəs, Türkiyədə də belə musiqiçilər olubmu?
-Azərbaycanın digər türk dövlətlərindən fərqi odur ki, Azərbyacan musiqini təhsilə əks elətdirib və buna görə də musiqi sahsəində çox irəli gedib. Məsələn, Türkmənistan, yaxud Özbəkistan üçün eyni sözləri demək olmaz, amma Azərbaycan bu məsələdə çox irəli gedib. Türkiyədə də artıq Konservatoriyaları orta məktəblərə transfer ediblər, musiqi dərnəkləri var, məktəblərdə musiqi dərsləri tədris olunur və musiqiçilər yetişir. Artıq Türkiyədə də musiqi sürətli dərəcədə inkişaf edib. Hətta, Azərbaycandan bəzi sənətçilər Türkiyəyə gəlir və burda fəaliyyət göstərirlər. Bununla yanaşı, Azərbaycandan istedadlı musiqiçilər Türkiyənin məhşur proqramlarına qatılır, yarışmlarında iştirak edirlər. Türkiyədə fəaliyyət göstərən azərbaycanlılardan Azərini misal çəkmək istəyirəm. Çünki Azərin “Çırpınırdı Qara dəniz” mahnısını oxuyanda ağlamamaq mümkün deyil. Buna nümunə olaraq bir hadisəni xatırlatmaq istəyirəm. 2013-cü ildə Türkiyədə “Azərbaycan günləri” təşkil etmişdik. O zaman Azərbaycandan musiqi ansamblı, opera sənətçiləri və digər sənətçilər dəvət edilmişdi. Onların arasında Azərin də var idi. Azərin həmin tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısı oxuyanda tamaşaçıların 80 faizi ağlamışdı. Çünki Azərin o qədər gözəl oxuyur ki, adam məst olur.
-Azərbaycanın sənətçilərindən kimləri bəyənirsiz?
-Özüm qarmon ifaçısı olduğum üçün daha çox qarmon ifaçılarını tanıyıram. Məsələn, Aftandil İsrafilovu misal gətirə bilərəm ki, Azərbaycanda qarmonun inkişafına böyük xeyri dəyib. Həmçinin, Zakir Mirəzyev və Aslan İlaysov da bu qəbildən olan qarmon ifaçılarındadır. Bununla yanaşı, bir neçə tar və klarnet ifaçılarını da bəyənirəm. Məsələn, tarzən Ramiz Quliyevin ifalarını çox bəyənirəm. Ümumiyətlə, Azərbaycandan çox böyük sənətçilər çıxıb.
-Biraz da turizmdən söhbət edək. Türkiyə və Azərbaycanda turizm qiymətləri nisbətən baha olduğu üçün turistlərin gediş-gəlişində də problemlər yaranır. Bununla bağlı, təklifləriniz nədir?
-Düşünürəm ki, ilk növbədə qiymətləri aşağı endirmək lazımdır. Həmçinin, nəzərdə tutulan Mehri dəhlinizin açılışından sonra quru yolu ilə səfələrin daha yaxşı olacağını düşünürəm. Məncə, quru yolu ilə Türkiyəyə səfər edənlərin sayı durmadan çoxalacaq.
-Bəs, Azərbaycanda turizm sektorunda səlahiyyət sahibi olsaydınız, nə kimi işlər görərdiniz?
-Məsələn, Azərbacanda Xəzər dənizinin turistik olaraq böyük avantajı olsa da, dəniz qumu və Günəş vannası kimi xidmətlərdən demək olar ki, istifadə edilmir. Ki, bu barədə düşünmək lazımdır. Həmçinin, turistlər üçün milli-mədəni dəyərləri ön plana çıxarmaq lazımdır ki, diqqət cəlb eləsin. Bununla yanaşı, Bakının ürəyi sayılan İçərişəhəri turistlər üçün daha cəlbedici etmək olar. Qubada qış turizmini inkişaf etdirmək, Şəki turizmini ön plana çıxarmaq lazımdır. Şuşa işğaldan azad ediliyi üçün, artıq Şuşanı da ön plana çıxarmaq lazmdır. Bununla yanaşı, xidmət sektoruna da diqqət yetirmək lazımdır. Nümunə olaraq deyə bilərəm ki, xidmət sahəsinə Türkiyədən peşəkarları dəvət edərək kurslar təşkil emək olar və professional personal yetişdirmək olar. Bütün bunların önünüdə isə milli dəyərləri ön plana çıxarmaq, təqdim etmək lazımdır.
-Sizcə, İzmirdə turistlərin ən çox diqqətini çəkən və onları İzmirə bağlayan nədir?
-İzmirin təbiəti, tarixi və havası turistləri özünə daha çox cəlb edir. İzmirdə dəniz qumu, Günəş vannası kimi xidmətlər də tursitlərin marağına səbəb olan xidmətlər arasındadır. Digər tərəfdən, İzmirin özünəməxsus mədəniyyəti, dünyada diqqət çəkən Efes kimi tarixi mirası da hər kəsin marağınadıdr. Bir sözlə, İzmirdə “yoxdur” deyə, heç nə yoxdur.
Emin Fərzəliyev
Mərahim Nəsib