
Türkiyənin Kəmər bölgəsində yanğın 14 saatdır davam edir - Mehmet Nuri Ersoy
Türkiyənin cənubunda yerləşən Kəmər bölgəsində ən azı 120 hektar meşə yanır.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
“Dünən saat 21:00 radələrində Antalyanın Kəmər bölgəsində başlayan yanğın, 120 hektar sahədə davam edir”, – nazir bildirib.
Məlumata görə, yanğının söndürülməsində 10 təyyarə, 22 helikopter, 15 su maşını, 28 yanğınsöndürən maşını, 12 tikinti texnikası, 13 buldozer, 5 ekskavator və 1050 nəfər canlı qüvvə iştirak edir.
Qeyd edək ki, Türkiyədə iyul ayının əvvəlindən həddindən artıq isti və quraqlıq hökm sürür. Bir sıra yerlərdə havanın temperaturu 45-47 dərəcədir. Yanğınların baş vermə ehtimalını nəzərə alaraq, bəzi rayonların hakimiyyət orqanları əhalinin bəzi meşə zonalarına daxil olmasını, eləcə də bir çox rayonlarda pikniklər təşkil etmək və tonqal yandırmağı qadağan edib.
Türkiyənin bir sıra əyalətlərində, o cümlədən Antalya və Muğlada da meşə yanğınları qeydə alınıb.
Busaat.az























