
Twitter Elon Mask əleyhinə yazan jurnalistlərin hesablarını blokladı
Twitter bəzi jurnalistlərin, o cümlədən The New York Times, Washington Post, Amerikanın Səsi və CNN-in müxbirlərinin hesablarını dondurub.
Busaat.az xəbər verir ki, şirkət jurnalistlərə hesabları niyə bağladığını, profillərini və yazılarını sildiyini izah etməyib.
Twitter-in yeni sahibi Elon Mask sosial media platformasındakı bir yazıda, həmin jurnalistləri onun olduğu yerlə bağlı şəxsi məlumatları paylaşmaqda ittiham edib: “Qaydalar hamı üçün olduğu kimi jurnalistlərə də aiddir. Bütün günü məni tənqid etməyiniz yaxşıdır, amma mənim olduğum yeri açıqlamanız və ailəmi təhlükəyə atmanız doğru deyil”.
Hadisədən sonra Washington Post-un baş redaktoru Sally Buzbee texnologiya müxbiri Drew Harwell-in Twitter hesabını dərhal bərpa etməyə çağırıb.
Buzbee əlavə edib: “Jurnalistlərin hesablarının bloklanması Elon Maskın Twitter-i ifadə azadlığına həsr olunmuş bir platforma kimi idarə etmək niyyətində olduğu iddiasını birbaşa alt-üst edir”.
CNN-in açıqlamasında isə, belə qeyd edilib: “CNN-in müxbiri Donie O’Sullivan da daxil olmaqla bir sıra müxbirlərin hesablarının düşünülməmiş və ədalətsiz şəkildə bloklanması narahatedicidir, lakin təəccüblü deyil. Twitter-in artan qeyri-sabitliyi Twitter-dən istifadə edən hər kəsi narahat etməlidir. Biz şirkətdən izahat istədik və veriləcək cavabdan sonra münasibətlərimizi yenidən nəzərdən keçirəcəyik”.
Busaat.az























