“Üçü birində” Yaxud, parkın mətbuat katibi

image-76789d4138e68a8fa7500f50233c60cdbackend

Mətbuata, informasiyaya, söz azadlığına xalqımızın diqqətinin artması təqdirəlayiqdir. Dövlət başçısı 4 saat yarım brifinq keçirir, bütün sualları cavablandırır. Baş prokurorluq keçən həftə açıqlama vermişdi, deyir məmurlar, onların korrupsiya əməlləri haqda mediada gedən xəbərləri daim izləyirik. O cümlədən, bütün hökumət və qeyri-hökumət obyektlərimizin öz mətbuat katibi vardır.

Dünən Bakı Dəniz Ticarəti Limanının mətbuat katibi işindən ayrıldığını bəyan eləmişdi. Çox romantik açıqlama idi, deyir, sizinlə çalışmaqdan qürur duydum, artıq həyatıma başqa limanda davam edəcəyəm, ayrılıq bir dənizdir, siz uzaq yaşıl ada və sairə… Şəxsən mən o xəbəri göz yaşları içində oxudum, acı taleyimizi, qərib gecələrdə yanan şamları, gəlinlərin ağ telini, obalarımızda komaların damına yağan qarı düşündüm. Bəs indi görəsən Bakı Dəniz Limanında yeni mətbuat katibi kim olacaqdır?

O da Bakı Beynəlxalq Avtovağzalının təzə mətbuat katibi kimi əğyarın birisidirmi?

Saçımı kəsdirmək istəyəndə dəlləyimin mətbuat katibi ilə əlaqə saxlayıram. Ət almağa gedəndə qəssabın ictimai əlaqələr üzrə köməkçisi satışdakı qoyun və dana haqda bütün məlumatları biz alıcılara çatdırır. İndi özünüz deyin, dünyanın hansı başqa ölkəsində bu dərəcədə söz azadlığı yaranıbdır? Maşallah, mətbuata yardım üzrə təzə dövlət agentliyi də söz verib ki, özümüzü yaxşı aparsaq çimməyə hovuz düzəldəcək, içinə su buraxacaqlar.

Tək dövlət deyil, camaat da söz azadlığı proseslərində fəallıq nümayiş etdirir. Məsələn, kimsə intihar edəndə internetdə kəskin müzakirələr açılır. İntihar edənin valideynləri, Vladivostokda yaşayan qohumları, məktəb, əsgərlik, toy, xınayaxdı, universitet, bazlıq, akademiya, laboratoriya dostları, yoldaşları aşkara çıxarılır, bunların da hər biri müvafiq açıqlamalar verir. Hətta bir-iki dəfə intihar edənin özünün açıqlamalarını oxumuşuq. Bu da xalqın informasiya mühitinə böyük önəm verməsinin əlamətidir. Və bu önəmin, diqqətin nəticəsidir ki, hər hansı xırda problem yarananda əhali bunu ciddi şəkildə müzakirəyə çıxarır, internetdə yayır. Əsgərin maaşını azaldanlar, sayğacı əyri qoyanlar, qarı qarılara kürüdənlər, pensiya yaşını qaldıranlar, başqa şeyləri endirənlər… Hər kəs böyüdücü altındadır.

Yeri gəlmişkən, bayaq qardan yazdım, Bakı qara təslim olanda (Bakı ümumən çox təslimçi şəhərdir, bütün təbiət hadisələrinə vaxtaşırı təslim olur) hansısa jurnalist Naxçıvanı misal gətirmişdi. Deyir ordan nümunə götürün, hər qış qar yağır, ancaq problem olmur, yolları dərhal təmizləyirlər. Biz əslində hamımız köçüb Naxçıvanda yaşamaq istəyirik, imkan verilsəydi. Çünki orda korona da yoxdur.

Girişdə prokurorluğun mətbuata diqqətindən vəcdə gəldiyimizi yazmışdım, çıxışı da oradan gələn xəbərlə bağlayım. İki gün qabaq prokurorluq Zaur müəllim adlı bir yoldaşı dələduzluq, vəzifə səlahiyyətini mənimsəmə, rüşvətxorluq kimi maddələrlə suçlayıb həbsə atmışdır. İdarənin açıqlamasında deyilirdi ki, bu adam özünü vəzifəli şəxs kimi təqdim edərək xalqın hüquqlarını pozmuş, cinayətlərə yol vermişdir. Mən bunu bir az başa düşmədim: axı özünü vəzifəli şəxs kimi təqdim eləməsən, xalqın hüquqlarını pozmaq, dələduzluq etmək çox çətindir, bəzən mümkün deyildir. Ta o vəzifə adamın nəyinə gərəkdir? Məncə dələduzluq və vəzifə arasında mehriban münasibətlərə yenidən baxmalıyıq. Elə Zaur müəllimin fəaliyyət istiqamətləri sözümüzü təsdiqləyir. Sitat: “…özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranmışdır”. Sitatın sonu. Hələ mən cümlənin yarısını kəsdim, oxuculara yazığım gəldi. Baş prokurorluqda bu cümləni düşünən adama “Erməni budaq cümləsinin azad edilməsi” medalı verilməlidir.

Baxın, adam həm türmədən kimisə çıxaracaqmış, həm mənzil özəlləşdirəcəkmiş, həm də pensiya təyin edirmiş. Üçü də dövlətin tam ayrı-ayrı idarələrinə məxsus funksiyalardır. Necə deyərlər, üçü birində. Yəni, bu qardaşımız vəzifələri topdan mənimsəyibmiş. Yalan olmasın, Asan-xidmət, vahid pəncərə sistemi qurubmuş.

Ümid eləyirəm, Zaur müəllim türmədə bir qəzet açıb məni ora köşə yazarı götürər. Hazırda bekaram, Biləcəri dəmiryolçuların istirahət parkının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri görəvimdən təzə ayrılmışam.

Zamin Hacı
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90