UFO-larla bağlı iddia: “1996-cı ildə Braziliyada yadplanetlilərlə əlaqə quruldu”

image-ufo_16_9_1667217112backend

 Bütün dünyada yayımlanan “Təmas anı” sənədli filmi efirə çıxdığı an gündəm olub. Sənədli filmdə 1996-cı ildə yadplanetlilərlə indiyə qədər qurulmuş “ən yaxın təmas” müzakirə edilib.

Busaat.az xəbər verir ki, bu barədə hadisə şahidlərinin ifadələri diqqət çəkib. Amazon və Apple TV-də yayımlanan “Təmas anı” sənədli filmi də indiyə qədər heç vaxt məlum olmayan UFO-lar haqqında yeni bir hekayəni ortaya qoyub. Sənədli filmin prodüserləri araşdırma və şahid ifadələrinə əsaslanaraq 1996-cı il yanvarın 13-də Braziliyada baş verdiyi iddia edilən bir hadisəni gündəmə gətiriblər.

Elmi fantastika filmi kimi səslənsə də, şahidlər və rəsmi sənədlər 1996-cı il yanvarın 13-də baş verən inanılmaz bir hadisənin üstünü açıb. Müvafiq olaraq, ABŞ Hərbi Hava Qüvvələri yanvarın 13-də Braziliyanın cənub-şərqində UFO-nu hədəfə alıb. UFO-nun vurulmasından yeddi gün sonra, 14 və 16 yaşlı iki bacı dostu ilə Varginha şəhərini gəzərkən divarın yanında çöməlmiş iri qırmızı gözlü kiçik, qorxmuş bir yadplanetli gördüklərini qeyd edərək analarının yanına qaçıblar.

Carlos de Sousa adlı universitet professorunun şahidi olduğu hadisəyə Braziliya polisi müdaxilə edərək ən azı iki yadplanetlini ələ keçirib və onlardan biri müqavimət göstərdiyi üçün öldürülüb. İddialara görə, ABŞ Hərbi Hava Qüvvələri yadplanetliləri və cəsədi müsadirə edərək naməlum yerə aparıb. Braziliya ordusunun ölüm təhdidləri ilə gizlətməyə çalışdığı bu ört-basdır iddiası 26 ildən sonra ilk dəfə üzə çıxıb.

Professor Carlos de Sousa sənədli filmdə UFO-nun vurulmasına necə şahid olduğunu belə izah edir:

“O, məktəb avtobusu boyda idi və altından ağ tüstü çıxırdı. Bu, göydə titrəyən nasaz paltaryuyan maşına bənzəyirdi”.

De Souza həmçinin bildirib ki, UFO vurulduqdan sonra dərhal qəza yerinə qaçıb və alüminium folqa kimi metal parçaların sahəyə yayıldığını görüb. O, həmçinin metal parçası götürdüyünü, əlində əzdiyini, sonra isə metal parçanın əvvəlki formasına qayıtdığını iddia edib.

Professor bildirib ki, daha sonra Braziliya ordusu və polisi içəri girərək onu ərazidən qovub.

1996-cı ildə 16 yaşı olan Liliane, Ceyms Foksun “Təmas anı” filmində yaşadıqlarını belə izah edib:

“Biz ərazidə gəzirdik. Mən qabaqda, dostum və bacım bir az geridə idilər. Bir qraffiti diqqətimi çəkdi. Baxdım və məxluqu gördüm. Deyəsən istidən əziyyət çəkirdi”. O vaxt 14 yaşında olan Valquiria:

“Mən baxdım və Liliane qışqıranda çox qorxdum. Biz qorxduq, amma məxluq da qorxdu. Gördüm ki, bizdən qorxur. Bu naməlum varlıq idi və biz qorxurduq” Həmin vaxt 21 yaşı olan Katia:

“Gördüklərimdən məəttəl qaldım. İlk dəfə belə bir şey görürdüm. Qırmızı gözləri və yağlı dərisi var idi. Saçları yox idi. Onun gözləri bizimkindən üç dəfə böyük idi”. “Biz katoliklərin övladları idik və bunun cin ola biləcəyini düşündük. Buna görə də çox qorxduq” – deyə, Liliane bildirib.

Mövzu ilə bağlı danışan qızların anası Luzia da məsələyə münasibət bildirib: “20 gün ərzində onun iyini hiss etdim. Mən qoxuya dözə bilmədim. Hardan gəldiyini bilmirəm. Hətta burnumu spirt və su ilə yudum. Amma yenə də keçmədi”.

Katia qoxunu ammonyakla müqayisə edərkən anası, “Xeyr, bu ammonyak deyildi. Kükürddən də pis iyi gəlirdi. Bu, çox qəribə bir qoxu idi” – deyə, qeyd edib.

Ailə həmin illərdə mətbuata bu hekayəni danışdıqlarını, lakin ələ salındıqlarını ifadə edərək, hadisənin 26 il sonra üzə çıxması üçün xoşbəxt olduqlarını dilə gətiriblər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki