
Ukrayna BQ: “Rusiya raket hücumlarını Xəzər dənizindən reallaşdırıb”
Rusiyanın Xəzər dənizində yerləşdirilmiş “Tu-95” və “Tu-160” tipli raketdaşıyan təyyarələrindən Ukraynaya “Х-101” və “Х-555” tipli raketlərin atıldığı iddia edilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Qərargahı yayıb.
Açıqlamada raketlərdən 4-nün Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib. Hücum təhlükəsinin davam etdiyi vurğulanan bəyanatda vətəndaşlara sığınacaqlarda qalmaq məsləhət görülüb.
Baş Qərargahın başqa bir açıqlamasında Rusiya qüvvələrinin Ukraynadakı hücumlarda istifadə etdiyi İran istehsalı “Şəhid” kamikadze PUA-ların Belarusdan havaya qalxdığı bildirilib.
Açıqlamada Belarusun hücum edən Rusiya qüvvələrinə material, texnika və sursat verdiyi iddia edilib.
Bundan başqa, Rusiya qüvvələrinin Ukraynanın qərbində yerləşən Lvov şəhərinə də raket zərbələri endirdiyi iddia edilib.
Lvov meri Andrey Sadoviy öz Twitter hesabında verdiyi açıqlamada Rusiya qüvvələrinin şəhərin kritik infrastruktur obyektlərini raketlərlə vurduğunu iddia edib.
Hücum səbəbindən şəhərin bəzi hissələrinin işıqsız qaldığını qeyd edən Sadoviy Lvov sakinlərini sığınacaqlarda qalmağa çağırıb.
Busaat.az























