
Ukrayna fevralda “sülh sammiti” keçirməyi hədəfləyir
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fevral ayında Ukrayna-Rusiya müharibəsinin ildönümündə “sülh sammiti” keçirməyi hədəflədiklərini bildirib.
Busaat.az xəbər verir ki, Kuleba bu barədə “Associated Press” agentliyinə Ukrayna prezidenti Volodimir Zelenskinin keçən həftə Vaşinqtona səfəri və Ukrayna-Rusiya müharibəsi barədə danışarkən deyib.
Müharibələrin diplomatik üsullarla sona çatdığını bildirən Kuleba, fevral ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin moderatorluğu ilə “sülh sammiti” təşkil etməyi hədəflədiklərini bildirib.
Kuleba vurğulayıb ki, Rusiyanın sammitə qatılması üçün ilk növbədə beynəlxalq məhkəmədə hərbi cinayətlərə görə cavab verməlidir.
Rusiyanın sülh danışıqlarına hazır olduğu açıqlamasının həqiqəti əks etdirmədiyini dilə gətirən Kuleba deyib: “Onların döyüş meydanında etdikləri bunun əksini sübut edir”.
Kuleba 2023-cü ildə müharibəni qazanmaq üçün əllərindən gələni edəcəklərinə və bu prosesdə diplomatiyanın mühüm rol oynayacağına diqqət çəkib.
Zelenskinin keçən həftə Vaşinqtona səfərinin əhəmiyyətinə işarə edən Kuleba, ABŞ-ın 6 aydan az müddətdə Ukraynaya patriot raket batareyaları yerləşdirməyi planlaşdırdığını qeyd edib.
Busaat.az























