Ukrayna prezidenti Volodimir Zelenski dünən Rusiyanın Xerson vilayətində həyata keçirdiyi intensiv hücum nəticəsində 21 nəfərin öldüyünü, 48 nəfərin yaralandığını bildirib.
Busaat.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun Xerson vilayətində qatar stansiyasına, evlərə, tikinti materialları bazarına, ərzaq mağazasına və yanacaqdoldurma məntəqəsinə hücum etdiyini bildirib.
Hücumlar nəticəsində 21 nəfərin öldüyünü, 48 nəfərin yaralandığını bildirən Zelenski qeyd edib: “Onların hamısı mülki şəxslərdir. Yarım gündə, bir sahədə. Mərhumların ailələrinə başsağlığı verirəm”.
Ukrayna Milli Polis Xidmətinin sosial media hesabından verilən açıqlamada Rusiya ordusunun Xerson şəhərinə çoxlu hücumlar təşkil etdiyi bildirilib.
Açıqlamada rus əsgərlərinin şəhərə artilleriya, tank əleyhinə sistemlər və digər silahlardan atəş açdığı, inşaat materialları bazarı, qatar stansiyası, yanacaqdoldurma məntəqəsi, bazar və ev kimi insanların sıx olduğu yerlərin atəşə tutulduğu bildirilib.
“Bu hücumlar qəsdən dinc əhaliyə bu qədər ziyan vurmağa çalışan düşmənin məkrliliyini bir daha vurğulayır”, – bəyanatda deyilir.
Busaat.az