
Ukraynada münaqişənin uzanması heç kimin xeyrinə deyil – Tsipin
Ukraynada münaqişənin uzun müddət davam etməsi və mürəkkəbləşməsi heç kimin marağında deyil.
Busaat.az xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə telefon danışığı zamanı Çin sədri Si Cinpin bildirib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, tərəflər Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar.
“Çin sülh danışıqlarının təşviqinə qətiyyətlə sadiqdir və böhranın uzanması və mürəkkəbləşməsinin heç bir tərəfin marağında olmadığına inanır” – deyə, Çin lideri qeyd edib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bu günə qədər Pekin Ukraynadakı münaqişə kontekstində balanslı mövqe tutub. Bəzi Qərb ölkələrinin çağırışlarına baxmayaraq, Çin Rusiyanı qınamayıb. Pekin dəfələrlə bəyan edib ki, Çin və Rusiya uzunmüddətli perspektivdə sabit və ahəngdar ikitərəfli münasibətləri inkişaf etdirir. Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti şərh edərək bəyan edib ki, Pekin bütün ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətin tərəfdarıdır. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin sülh danışıqlarının asanlaşdırılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.
Busaat.az























