
Ukraynaya vəd edilmiş tankların təxminən 19%-i ÇATDIRILIB - STATİSTİKA
Ukrayna hazırda Qərb dövlətlərinin vəd etdiyi 293 tankdan 57-ni aprelin əvvəlində qəbul edib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, indiyədək vəd edilən Qərb tanklarının 19%-i Kiyevə çatdırılıb.
Almaniya yanvarın 25-də 14 ədəd “Leopard 2A6” tankı göndərəcəyini bildirib və fevralın 24-də daha 4 tank ayıracağını vəd edib. Almaniya kansleri Olaf Şolzun martın 27-də verdiyi məlumata görə Ukrayna artıq bu tankları alıb.
Berlin, həmçinin müdafiə sənayesi ehtiyatlarından 178 ədəd “Leopard 1A5” tankının tədarükünü təsdiqləyib. Köhnə tanklar xüsusilə Danimarka və Hollandiya ilə birlikdə tədarük ediləcək. Ümumilikdə Almaniya 2024-cü ilin birinci və ya ikinci rübünə qədər 100-dən çox tank göndərməyi planlaşdırır.
Norveç 8 tank, Portuqaliya isə 3 tankı Ukraynaya göndərib. Polşa 14 ədəd “Leopard 2A4” tankının təhvil verildiyini açıqlayıb.
Böyük Britaniya 14 ədəd “Challenger 2” tankı, Fransa isə “AMX-10RC” təkərli tanklar verdiyini bildirib.
Qeyd edək ki, tankların ABŞ, Kanada, İspaniya, İsveç və Finlandiya tərəfindən də tədarük edilməsi planlaşdırılır.
Busaat.az























