Ulu Öndər Heydər Əliyevin fəaliyyətində əlamətdar tarixlər

image-heyder-eliyev2backend

Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Onların yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışanda isə bir sual daim müzakirə mövzusu olub, cavabını axtarıb: yaşadığı dövrün gerçəklikləri, tarixi reallıqlar şəxsiyyətləri formalaşdırır, yoxsa böyük, güclü, qüdrətli şəxsiyyətlər öz tarixini yaradır?

Təbii ki, bu suala müxtəlif zamanlarda yaşayan şəxsiyyətlərə münasibətdə fərqli cavablar vermək mümkündür. Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu mübahisələrə birmənalı olaraq, aşağıdakı şəkildə nöqtə qoymaq olar – Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində Uca tutulur, xatirəsi ehtiramla anılır.

Ulu öndər Heydər Əliyev Azərbaycanın və azərbaycanlıların Ümummilli lideridir.

Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu öndər Heydər Əliyevin ölkəsinə və xalqına bəxş etdiyi misilsiz, əvəzedilməz dəyərlərin və sərvətlərin mahiyyətini daha dərindən anlamaq üçün isə, sadəcə, bir neçə fundamental önəm kəsb edən fakta toxunmaq kifayət edir…

12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu akt öz növbəsində siyasi fəaliyyət və inkişafın hüquqi əsaslarının formalaşması mənasına gəlirdi. Daha sonra parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı.

Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktor kimi çıxış etdi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu.

Bununla yanaşı, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi…

Ölkə daxilində atılan bu addımlarla yanaşı, Ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. Ümummilli liderimiz ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz bölgəsinin hərbi-siyasi təhlükəsizliyini təmin edən lokomotiv aktora çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin praqmatik xarici siyasət strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirdi…

Ötən müddət ərzində Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Məhz Onun rəhbərliyilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib.

Prezident İlham Əliyevin ayrılıqda regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı Dövlət proqramları, ayrı-ayrı vaxtlarda verdiyi göstərişlərin icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması Onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir.

Bir sözlə, məhz Ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır.

Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Nəsimi rayon sakini/ YAP üzvü/ Ələkbər Həsənov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki