Bakı investorları çağırmalıdır – TƏHLİL

image-1392158430-need-investor-ditch-pitchbackend

Utopik teoremlərdən uzaq reallıqlara baxdığımız zaman dünya iqtisadiyyatının Avropa və ABŞ şirkətlərinin əlində olduğunu görürük. Çin supergücdür, Rusiya hegemondur səslənişləri sadəcə qorxu psixologiyasının verdiyi məntiqsiz əks-müdafiə instinktidir. Bəli, Çin dünyanın ən böyük ikinci iqtisadiyyatı, Rusiya isə, dünyanın ən böyük ikinci hərbi, dolayısıyla ikinci siyasi-diplomatik gücüdür. Ancaq bu iki gücün birləşməsi (Qeyd: bu qeyri-mümkündür) də yetərli deyil ki, Çin-Rusiya birliyi tək ABŞ-ın sahib olduğu güc və önəmə alternativ formalaşdırsın. Hələ uzun tarixi proseslərdən bu yana ABŞ-la müttəfiq hərəkət edən Qərb və Avropa Birliyinin gücünü demirəm.

Həmçinin, Çinin qısa müddətdə böyük iqtisadi güc olmasının təməlində, heç də kommunizmin basqısı altında qalan bizlərə “əzbərlədildiyi” kimi ağıllı və möhtəşəm kommunist siyasi iradə durmayıb. Əsas səbəb, böyük şirkətlər yolu ilə ABŞ və Qərbi Avropa iqtisadi güclərinin öz sərvətlərini artırmaq üçün ucuz işçi qüvvəsi olan və böyük satış bazarına sahib Çini effektli dəyərləndirmələridir. Düzdür, bu sayədə Çin daxili aclıq və iqtisadi böhrandan qurtuldu, qısa müddətdə dünyanın ikinci iqtisadi dövlətinə, ikinci ÜMD göstəricisinə çatdı. Ancaq fakt budur ki, Çinin bu qədər sürətli iqtisadi yüksəlişinin səbəbi olan investorlar, bazardan çıxaraq Çini daha sürətli bir tənəzüllə qarşı-qarşıya qoya bilərlər. Təbii artıq Çinin özünün böyük və bacarıqlı şirkətləri vardır və onların sayəsində məhv olmaqdan xilas olacaq. Ancaq heç inandırıcı deyil ki, Çin əvvəlki əhəmiyyətini qoruya biləcək, əksinə gücünü itirmiş, sıradan ölkəyə çevriləcək.

Son proseslər, yəni Çinin diktator sistemdən çıxmaq istəməməsi, daxilində etnik haqsızlıqlar etməsi, radikal dünya siyasəti və təcavüzkar sistemlərə dəstək verməsi, məlum korona virus böhranı, virusun fəsadlarının günahkarı olmaq elə ilk növbədə ABŞ və Qərbi, daha sonra isə, Çini Çin edən investorları narahat edib. Həmin güclər artıq bu “radikal təhlükə”nin təsir gücünü azaltmaqda maraqlı görünürlər. Bunun üçün isə, tək və bitirici yol Çindən investisiyaların geri çəkilməsi və bazarda çöküş yaratmaqdır. Bu Çin daxilində ciddi siyasi tənəzzülə və xalq hərəkatlarına da səbəb ola bilər. Düzdür Qərb və böyük şirkətlər özü də bir xeyli güc və sərvət itirəcəklər, ancaq onlar istehsalçıdır, qısa zamanda zərərlərini geri qazanacaqlar. Ona görə ki, dünyada Hindistan, Pakistan, bir neçə Afrika ölkəsi kimi ucuz işçi qüvvəsi və savadlı sənaye potensialı olan ölkələr var. Yəni Çin alternativi olmayan bazar deyil. Təbii Qərb və Çinin qarşıdurmasından Çin daha zərərli çıxacaq və bunun qarşısını alması üçün Qərbin tələb etdiklərini həyata keçirməsi də inandırıcı deyil. Baxmayaraq ki, bu tələbləri yerinə yetirmək onun iqtisadi çöküşünün qarşısını alacaq, əksinə onun siyasi iradəsini məhv edib, “zəngin kölə”yə çevirəcək. Ona görə də, Çinin siyasi iradə göstərəcəyi daha inandırıcıdır.

İndi hadisələrin bu nöqtəyə çatacağı zaman Qərb investorlarının üz tutacağı azsaylı ölkələrdən biri də Azərbaycan ola bilər. Çünki, Azərbaycanda hələ də neft sektorundan başqa heç bir sənaye sahəsi inkişaf etdirilməyib. Bu səbəbdən əhali sayı az olsa da, ucuz işçi qüvvəsi yaranıb. Həm də, Azərbaycnda sənaye qurmaq üçün kifayət qədər ağıllı insan potensialı da vardır. Bundan başqa, coğrafi məkan olaraq Azərbaycanın yerləşdiyi ərazi Qərb investorlarının diqqətini çəkəcək ilk iqtisadi əhəmiyyətli bölgədir. Həmçinin Bakının tükənməz neft ehtiyyatlarının olması da, neftə bağlı sənaye məhsulları istehsalçılarını cəzb edə, bu və sadaladıqlarım kimi üstünlükləri olan Azərbaycanı əvəzedilməz sənaye ölkəsinə çevirə bilər.

Azərbaycan siyasi iradəsinin isə, Qərbdən asılı hala düşməsi qeyri-mümkün bir haldır. Çünki Azərbaycan Türkiyə və Rusiya kimi hegemon güclərin strateji müttəfiqidir və bu iki gücün var olması Qərbin Azərbaycana siyasi müdaxilələr etməsinə gözdağıdır. Elə bu səbəbdən də, Azərbaycanın siyasi-hərbi strateji tərəfdaşlıq fonunda Türkiyə və Rusiya ilə əlaqələrinə alternativ Qərb kimi dünya supergücü ilə iqtisadi əlaqələrinin qırılmaz zəncirini formalaşdırması Azərbaycan ölkəsini qısa zamanda hər sferada dünyanın ən əhəmiyyətli ölkəsinə çevirə bilər. Bu addımla, Azərbaycanın Türkiyə və Rusiyadan da bağlılığı azaldılmış olacaq.

Yeri gəlmişkən, Avropa və ABŞ-ın iqtisadi investorları ilə, qeyd etdiyim perspektivləri istifadə edərək müttəfiqlik etmək Azərbaycan üçün gecikilmiş addımdır. Yəni bunu həyata keçirmək üçün Qərb investorlarının Çindən çıxmasını gözləmək lazım deyil. Ən qısa zamanda, ölkəyə investor axınını sürətləndirmək, texnoloji-sənaye sferalarında çiçəklənmə dövrünə başlamaq lazımdır.

Ona görə tezləşdirmək lazımdır ki, Azərbaycanın Çindən savayı, Hindistan, Pakistan kimi güclü rəqibləri var və Azərbaycan tərəfi ağıllı tədbirlər planı, iqtisadi siyasət xətti hazırlamadığı təqdirdə şübhəsiz ki, sərvətini ağıllı addımlarına borclu olan investorlar digər ölkələri seçəcəklər. Bu ölkələrin daha ucuz işçi qüvvəsinə və geniş satış bazarına sahib olması da Azərbaycan üçün ciddi rəqib olduqlarının sübutudur. Azərbaycanın da yuxarıda sadalanan üstünlükləri var. Bu halda rəqabətin qalibi daha ağıllı iqtisadi siyasət yeridən tərəf olacaqdır.

Post pandemiya dövründə Azərbaycan üçün həyati əhəmiyyətli iqtisadi-siyasi şanslar doğub və bu şanslar maksimum dərəcədə istifadə edildiyi təqdirdə ölkəmiz qısa zamanda inkişaf etməkdə olan Respublikaların önündə dayanacaqdır.

İnvestisiyalardan qorxmaq lazım deyil, əksinə ölkəyə sərvət gətirəcək bütün investorların “başını sığallamaq” lazımdır…

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90