“Videoların hərbi qulluqçularımızın döyüş fəaliyyətinə aidiyyəti yoxdur” – Baş Prokurorluqbackend

Baş Prokurorluq sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə yayılmış videolarla bağlı daha bir məlumat yayıb. 

Qurumun Mətbuat xidmətindən Busaat.az-a daxil olan məlumatda deyilir:

“Son günlər bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən guya azərbaycanlı həkimlərin yaralılara qarşı laqeyd münasibət göstərmələrini əks etdirən videogörüntülər yayılmışdır. Tərəfimizdən erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılararaq onların saxta olması müəyyən edilmişdir.

Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır. Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən vətəndaşlarımızdan dövlətimiz üçün həssas və şanlı olan bu dövrdə ayıq-sayıq olmaqla təxribat xarakterli yayılmış videoların ictimailəşdirilməməsi, o cümlədən mobil tətbiqlər vasitəsilə yaymamaq xahiş olunur”.