Azərbaycan elit hərbi birləşmələrindən sayılan Xüsusi Təyinatlı Qüvvələr (XTQ) bu gün Azərbaycanın cənub sərhədlərində hərbi təlimlərə başlayıb.
Dünən, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən İranda yaradılmış və İrandan dəstəklənən agentura şəbəkəsinin ifşa edilməsi, eləcə də bir müddət əvvəl İranın Azərbaycan sərhədində hərbi təlimlər keçirməsi fonunda rəsmi Bakının bu addımı ağıllarda bir çox suallar yaradıb.
Hərbi təlimlərin hansı məqsədlə həyata keçirilməsi, təlimlərdən nə kimi gözləntilərin olması və hədəflər barəsindəki bu suallarla əlaqədar Busaat.az hərbi məsələlər üzrə ekspert Səxavət Məmmədin fikirlərini öyrənib:
“44 günlük müharibədən sonra ilk dəfə idi ki, İran Azərbaycan sərhədində hərbi təlimlər həyata keçirirdi. Müharibədən əvvəl, Azərbaycan torpaqlarının işğal dönəmində bu təlimlər baş tutsaydı, bunu normal qarışlamaq olardı. Təlimlərin məhz müharibədən sonra baş tutması birbaşa Azərbaycana hesablanıb desək, doğru olar. İran demək olar ki, son bir ay ərzində Azərbaycanı dəfələrlə təhdid edib. Ancaq rəsmi Bakı buna susqun davranırdı. Rəsmi Bakının susqunluğu narahatverici idi. İranın sözlü təhdidinə qarşı Azərbaycan tutarlı cavablar verməyə başladı. Dünən Azərbaycanın xüsusi xidmət orqanları İran agenturasını ifşa etdi və bir neçə nəfəri həbs etdi. Bu İrana verilmiş ilk cavab idi. Ardınca isə Azərbaycan ordusunun elit bölməsi olan Xüsusi Təyinatlı Qüvvələrin cənub sərhədlərində hərbi təlimlərinə start verildi”.
Ekspert bu addımların İrana cavab olduğu qənaətinə gələrək qeyd edib: “Hesab edirəm ki, DTX-nın keçirdiyi əməliyyat İranın sözlü təhdidinə əməli cavab idisə, XTQ-nin təlimləri də İran ordusunun hərbi təlimlərinə cavabdır. XTQ 44 günlük müharibədən sonra adını bütün dünyaya eşitdirib. Azərbaycan ordusunun ərazidə olan hansısa bölməsinin, bir korpusunun, Sərhəd Qoşunlarının təlimi baş versə idi, bunu o qədər də ciddiyə almazdılar. XTQ-nin təlimlərə başlaması İrana ciddi mesaj olacaq”.
İki ölkə arasındakı gərgin münasibətlərin hər hansı qarşıdurmaya keçid vermə ehtimallarını dəyərləndirən ekspert qeyd edib: “Hesab etmirəm ki, iki ölkə arasında hərbi qarşıdurma baş verə bilər. Bunun olması üçün siyasi böhran pik həddə çatmayıb. Azərbaycanla İran arasında tez-tez böhran yaşanır, sonra isə münasibətlər yoluna düşür. Hesab edirəm ki, İran Azərbaycanın bu mesajlarından ciddi dərs alacaq. Azərbaycan İrana hər iki formada çatdırır ki, qorxmur, təhdidləri boşdur və suverenliyini qoruyacaq gücdədir”.
Busaat.az