
Yaponiyanın baş nazirinə hücum edən şəxs psixiatrik müayinədən keçəcək
Yaponiyada baş nazir Kişida Fumioya ötən ay hücumda şübhəli bilinən Kimura Ryuji adlı şəxs üç ay müddətində psixiatrik müayinədən keçəcək.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Vakayamada yerli məhkəmə hücumdan sonra tutulan şübhəli Kimura Ryujinin 3 ay müddətində psixiatrik müayinədən keçiriləcəyini açıqlayıb.
Qərar prokurorların vəsatəti əsasında qəbul edilib. Müayinə müddətində hücumla bağlı şübhəlinin ruhi tarazlığı hərtərəfli araşdırılacaq.
Xatırladaq ki, Aprelin 15-də Vakayamada Kişida seçki çıxışı edərkən onun olduğu yerdə partlayış səsi eşidilib.
Yerli mediada əksini tapan videoda Kişidanın olduğu yerə gümüş silindrli boruya bənzər bir növ tüstü bombasının atıldığı bildirilir.
Qeyd edilir ki, Kişidə xəsarət almadan hadisə yerindən təxliyə edilib, biri polis əməkdaşı olmaqla iki nəfər yüngül xəsarət alıb.
Hadisə ilə bağlı Hyoqo əyalətinin Kavanişi şəhərində qeydiyyatda olan 24 yaşlı Kimura Ryuji saxlanılıb.
Busaat.az























