
Yunanıstan Rusiyanın icazəsi olmadan S-300-ləri kiməsə verə bilməz – Lavrov
Yunanıstanın Rusiyanın icazəsi olmadan S-300-ləri başqa ölkəyə ötürmək hüququ yoxdur.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiyanın dövlət televiziyası Pervy Channel-da cari məsələləri dəyərləndirən Lavrov Yunanıstanın Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri vermə ehtimalına da toxunub.
Lavrov bu sistemlərin əvvəlcə Cənubi Kiprdə yerləşdirilməsinin və sonda Yunanıstana çatdırılmasının planlaşdırıldığını xatırladaraq deyib: “Biz səfirimizə tapşırdıq ki, Yunanıstan Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə müraciət etsin və ona xatırlatsın ki, bu sistemlər Yunanıstana çatdırılıb. Razılaşmaya görə, Yunanıstanın bizim icazəmiz olmadan bu sistemləri heç kimə təhvil vermək hüququ yoxdur. Biz bunu yunanlara xatırlatdıq, onlar bizə öz öhdəliklərinə diqqət yetirdiklərini söylədilər”.
Bu kimi məsələləri yaxından izlədiklərini ifadə edən Lavrov, “Ayıq-sayıq olmalıyıq. Çünki “Ukraynanı xilas edəcəyik, Ukrayna Avropadır” şüarı ilə bir çox qanunsuz işlər görülür” – deyə,əlavə edib.
ABŞ-ın Ukraynaya Patriot sistemləri göndərmə qərarını dəyərləndirən Lavrov belə davam edib: “Biz amerikalılardan soruşduq ki, istifadəsi çətin olan Patriot sistemlərini səfirlik vasitəsilə köçürmək qərarı amerikalı mütəxəssislərin Ukraynada olacağı anlamına gəlirmi? Mənə dedilər ki, bu sistem bir neçə ay ərzində işə düşəcək”.
Rusiya və Ukrayna arasında aparılan danışıqlara toxunan Lavrov Ukrayna ilə danışıqlara hazır olduqlarını, amma ABŞ-ın buna imkan vermədiyini deyib.
Diplomatik razılaşmaların əldə edilməsi ilə bağlı təklifləri rədd etmədiklərini ifadə edən Sergey Lavrov Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiyaya aid olması şərtləri ilə bu razılaşmaların mümkün olacağını vurğulayıb.
Digər tərəfdən, Lavrov əlavə edib ki, onlar Ukrayna ətrafındakı vəziyyəti tez bir zamanda həll etmək istəyirlər.
Busaat.az























