
Zelenski kritik infrastruktur obyektlərinin mühafizəsi haqqında fərman imzalayıb
Ukrayna prezidenti Vladimir Zelenski son vaxtlar Rusiya qüvvələrinin hücumlarına məruz qalan ölkədə mühüm infrastruktur obyektlərinin mühafizəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.
Busaat.az xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti tərəfindən yazılı açıqlama verilib.
Açıqlamada Zelenskinin ölkə daxilində kritik infrastrukturların mühafizəsi üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi haqqında fərmanı imzaladığı bildirilib.
Sözügedən fərmanın Ukrayna Parlamenti tərəfindən də qəbul edildiyi bildirilən bəyanatda Rusiyanın Ukraynaya qarşı intensiv hücumlarının davam etdiyi bir vaxtda ölkədəki enerji və digər kritik infrastrukturların təhlükəsizliyinin hökumət üçün prioritet olduğu vurğulanıb.
Fərmana əsasən, Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti ölkədəki bütün kritik infrastrukturların təhlükəsizliyinə cavabdeh olacaq və sözügedən qurum tərəfindən lazımi tədbirlər görüləcək.
Busaat.az























