Sankt-Peterburq şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2023” layihəsi çərçivəsində keçirilən MDB ölkələrinin “Akademik İncəsənət Birliyi” Festival-simpoziumu başa çatıb.
Bu barədə Busaat.az-a Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidməti məlumat verib.
Bildirilib ki, “İrina Boqaçeva adına “Art-Peterburq” Xeyriyyə Fondunun təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə Birlik ölkələrini təmsil edən tanınmış sənətşünas alim, filosof, teatr tənqidçiləri, gənc opera solistləri, teatr, muzey, rəsm qalereyalarının direktorları və ali məktəb rektorları iştirak ediblər. Müstəqil Dövlətlər Birliyi məkanında akademik musiqi və təsviri sənət tarixinin aktual problemlərinə həsr olunmuş “Akademik İncəsənət Birliyi: tarix və müasirlik” elmi-praktiki konfransında ADAMT-nın beynəlxalq layihələr rəhbəri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov “Musiqili teatrın inkişafında Azərbaycan bəstəkarlarının rolu” mövzusunda məruzə ilə çıxış edib. Mövzu üzrə hazırlanmış təqdimat böyük maraqla qarşılanıb”.
Bildirək ki, əsasən MDB ölkələrindən olan gənc istedadlara yönəlmiş proqram çərçivəsində dünya şöhrətli ustadlarla görüşlər, aparıcı opera müğənnilərinin, məşhur rəssamların ustad dərsləri, rəsm sərgiləri, gənc solistlərin ifaları, mühazirələr, ekskursiyalar və digər tədbirlər də iştirakçılarda maraq doğurub.
Sonra xəbərdə, “Festival-simpozium Sankt-Peterburq Dövlət Akademik Kapellasında keçirilən təntənəli qala-konsertlə başa çatıb. Tamaşaçılar Musiqili Teatrın solisti, “Gənclər” mükafatı laureatı Emin Zeynallının çıxışını və dahi bəstəkar Üzeyir Hacıbəylinin parlaq musiqisini böyük hərarətlə qarşılayıblar. MDB teatrlarının rəhbərləri belə görüşlərdə ünsiyyət qurmaq və yaradıcılıq məsələlərinin müzakirələri üçün əlverişli şəraitin olduğunu nəzərə alaraq tədbirin hər il təşkil olunması barədə yekun qərara gəliblər” deyə qeyd edilir.
Sonda teatrların təmsilçiləri tərəfindən İ.Boqaçeva adına “Art Peterburq” xeyriyyə fondunun prezidenti İrina Qaudasinskayanın iştirakı ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.