Amerikalıların demək olar ki, yarısı ABŞ-nin Ukraynaya hərbi yardımının pul israfı olduğunu düşünür.
Busaat.az xəbər verir ki, yerli mətbuat Qlobal Məsələlər üzrə Çikaqo Şurasının keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, respondentlərin 45%-i ABŞ-nin silah və texnikanın tədarükü və Ukrayna qoşunlarının təlimi üçün ayırdığı 43 milyard dolların əsassız olduğunu düşünür. Bu fikri respublikaçıların 61%-i , demokratların isə 29%-i bölüşür.
Sorğu onu da göstərdi ki, respublikaçılar Ukraynaya yardımın davam etdirilməsinə getdikcə daha az həvəsli olurlar. Hazırda onların 50%-i Ukraynaya əlavə silahların verilməsini dəstəkləyir. 2022-ci ilin martında bu göstərici 80%, 2022-ci ilin iyulunda isə 68% təşkil edib. Demokratlar arasında da dəstək azaldı, çünki bu rəqəm 2022-ci ilin martında 83% təşkil edirdisə, indi 77% təşkil edir.
Rəyi soruşulanların üçdə biri ABŞ hakimiyyətinin Ukraynadakı münaqişədən həddən artıq narahat olduğunu düşünür. Bu nöqteyi-nəzərdən respublikaçıların az qala yarısı şərikdir. Sorğu göstərdi ki, ABŞ-də münaqişəyə ictimai maraq 2022-ci ilin martında 84%-dən 2023-cü ilin sentyabrında 68%-ə enib.
Sorğu 7-18 sentyabr tarixlərində 3200-dən çox ABŞ vətəndaşı arasında keçirilib. Səhv marjası 2% bəndinə bərabərdir.