Azərbaycan- Tacikistan əlaqələri

image-mycollages_-_2024-05-23t133046-163backend

Azərbaycanın çox şaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələrimiz mühüm əhəmiyyətə malikdir. Təbii ki, əlaqələrimizin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında özünü göstərir. Bu baxımdan qeyd etməliyik ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti işgüzar səfəri münasibətlərin dinamik inkişafı baxımından olduqca önəmlidir.

Hələ keçmiş SSRİ-nin tərkibində olan zaman hər iki ölkə müttəfiq respublika olublar. Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Hər iki xalq əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.

Tacikistanda dahi Azərbaycan şairi Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.

Xüsusilə qeyd etməliyik ki, iki ölkə arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı 1990-cı illərdəki fəaliyyətin nəticəsində əldə olunub. Postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra Azərbaycan və Tacikistan arasında münasibətlər daha da inkişaf edib. Vurğulanmalıdır ki, 1990-cı illərdə hər iki ölkə böyük çətinliklərlə üzləşiblər, lakin hər iki ölkə müdrik rəhbərləri sayəsində qanlı səhifələri çevirərək inkişaf və tərəqqi yoluna qədəm qoyublar.

Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir. Qeyd etmək lazımdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri çərçivəsində əməkdaşlığın vacib sahələrini əhatə edən bir çox sənədlər imzalandı.

 

Nuruzadə Mövlanə

Azərbaycan Dillər Universiteti

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki