“Azərbaycan, Türkiyə, Rusiya və İranın dördlü əməkdaşlığı ehtimalı yüksəkdir” – Politoloq

“Azərbaycan, Türkiyə, Rusiya və İranın dördlü əməkdaşlığı ehtimalı yüksəkdir” – Politoloqbackend

“Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır”.

Busaat.az xəbər verir ki, bunu ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat konfransında irəli sürülən 6 ölkədən (Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan) ibarət əməkdaşlıq formatının yaradılması ideyasını dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, bu ideya region üçün faydalıdır:

“Azərbaycan və Türkiyə qalibdirlər və böyüklük göstərib Ermənistana əl uzadaraq təklif edirlər ki, iki ölkəyə qarşı ərazi iddiasından əl çəksin və əməkdaşlıq formatına qatılsın. Ermənistan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin hansı qərar verəcəyini söyləmək çətindir. Çünki bu millət arxadan zərbə vurmaqda mahirdir. Doğrudur, Ermənistanda müharibədən sonra “Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün faydalı olar” səsləri eşidilməyə başlayıb. Ancaq hələ ki, erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir. Təklif edilən əməkdaşlıq formatında Ermənistandan çox Gürcüstanın hansı qərar verəcəyi düşündürücüdür.

Əməkdaşlıq formatında 4 ölkənin – Azərbaycan, Türkiyə, Rusiya və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir. Ermənistanla yanaşı, Gürcüstan da sual altındadır. Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır. Ancaq Kreml 6 ölkənin əməkdaşlıq formatı naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaran deyil. Gürcüstanın isə işğala göz yumub Rusiyanın yer alacağı formatda iştirak edəcəyi şübhəlidir. Rusiya Gürcüstanın ilkin şərt irəli sürmədən Rəcəb Təyyub Ərdoğanla İlham Əliyevin təklif etdiyi formata qatılmasını istəyərdi, ancaq rəsmi Tbilisinin buna razılaşmasının ehtimalı azdır.

Ermənistan və Gürcüstan kənarda qalsa belə, dördlü format (Türkiyə, Azərbaycan, Rusiya və İran) əsasında əməkdaşlıq formatı yaratması – ortaq layihələr reallaşdırması mümkündür. Təsadüfi deyil ki, Rəcəb Təyyub Ərdoğan mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinin ünvanına bir neçə dəfə xoş söz dedi. Deməli, Ərdoğan məlum təklifi Putinlə müzakirə edib və müsbət cavab alıb”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90