Azərbaycan yeni mərhələdə: İslahatlarla bağlı mühüm AÇIQLAMA

image-1525090275bakipanoramabackend

“Bütün siyasi qüvvələr, həm də xalq yeni prezident seçiləndən sonra islahatların keçirilməsini səbirsizliklə gözləyir. Şübhəsiz ki, ciddi kadr dəyişiklikləri, kadr islahatları olacaq. Cənab Prezident özü bildirib ki, indi yeni dövr, yeni dönəm başlayır. 20 illik Prezidentlik dövründə torpaqlarımızın bütövləşməsinə nail oldu, dövlət suverenliyimiz bərpa edildi. Əlbəttə ki, indi Qarabağda və Zəngəzurda quruculuq işləri, hərbi qüvvələrin möhkəmləndirilməsi ilə yanaşı çox ciddi siyasi və iqtisadi islahatlara ehtiyac var. Bundan sonra necə olacağı barədə verəcəyim proqnoz özünü doğrultmaya da bilər. Lakin arzularımı bildirirəm ki, islahatlar yuxarıdan başlasın. Ən yüksək səviyyədə paralel strukturlar ləğv edilsin və ya birləşdirilsin, keyfiyyət göstəriciləri yüksək olan kadrlar qalsın”.

Busaat.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat Konstitusiyaya dəyişikliklər edilməsini istəyir: “Bir sıra yerli hakimiyyət orqanlarında struktur, sistem dəyişikliyinə ehtiyac var. Eyni zamanda parlament seçkilərində proporsional seçki sisteminin bərpası arzuolunandır. İqtisadi sistem elə qurulsun ki, inhisarçılıq aradan qalxsın. İnsanların sərbəst qazanmaq imkanları olsun. Xalqımızın qazanıb özünü dolandırmaq qabiliyyəti var. Sərhədlər açılarsa, inzibati nəzarət götürülərsə, kiçik və orta sahibkarlıq, fermer, kənd təsərrüfatı inkişaf edə, xırda sexlər, sənaye obyektləri açıla bilər. Həmişə əvvəl də müqayisə etmişəm ki, Bakı Berlindən çox gözəldir. Amma Berlində yaşayanlar Bakıda yaşayanlardan on dəfə zəngindir. Yəni zahiri məsələlərə az fikir verək, əsas diqqəti xalqın rifah halının yüksəldilməsinə yönəldək. Mən heç vaxt razı olmamışdım ki, “butka”lar yığışdırılsın, 50 min ailə birdən-birə müflis hala düşsün, yaxud taksilər yığışdırılsın. On minlərlə taksi sürücüsü çətinliklə üzləşdi. Əsas camaatı dolandırmaq, ona çörək verməkdir. Böyük problemlərimizi həll etmişik. Adambaşına düşən məhsul istehsalına görə də regionumuzda, dünyada önə çıxmalıyıq. Hesab edirəm, qazandığımız siyasi və hərbi dividendləri indi iqtisadi sahəyə, sosial problemlərin həllinə yönəltməliyik. Artıq vaxtdır ki, hüququn aliliyini özümüz təmin edək. Mən Qərbin demokratiyasına heç vaxt inanmamışam. Milyarderlərin, müstəmləkəçilərin, başqa xalqları öldürənlərin nə demokratiyası ola bilər ki? Onlar demokratiyadan dəyənək kimi istifadə edirlər. Öz demokratiya anlayışımız olmalıdır. Öz içimizdə sosial ədaləti daha çox təmin etməliyik. Azərbaycan xalqına və Prezidentinə güvənirəm ki, bu islahatları Allahın izni ilə həyata keçirəcək. Prezidentimiz ən kamil çağını yaşayır. Həm öz şəxsi yaşı, həm dövlətçilik təcrübəsi çox böyük əhəmiyyət daşıyır. Dünyada da bunu qiymətləndirirlər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90