“Azərbaycanı qıcıqlandırmağın sonu Ermənistana yaxşı heç nə vəd etmir” – Ülvi Quliyevlə MÜSAHİBƏ

“Azərbaycanı qıcıqlandırmağın sonu Ermənistana yaxşı heç nə vəd etmir” – Ülvi Quliyevlə MÜSAHİBƏbackend

Yenicag.az Milli Məclisin deputatı Ülvi Quliyevin müsahibəsini təqdim edir:

– İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə cəmiyyətimizi narahat edən bir çox məqamlara toxundu. Onlardan biri də Fransa və Ermənistan rəsmilərinin Xankəndinə səfərləri iləbağlıdır. Beynəlxalq hüquqa zidd olan bu cür səfərlərə sülhməramlı qüvvələr niyə imkan verirlər?

– 44 günlük Vətən müharibəsi bir çox acı reallıqların üstünü açdı. Cəmiyyətimiz açıq şəkildə görə bildi ki, işğalçının yanında hansı qüvvələr,hansı dövlətlər yer alır, ona kimlər havadarlıq və himayədarlıq edir. Müharibənin elə ilk günlərində Fransanın dövlət başçısı beynəlxalq hüquqa və tərəfsiz vasitəçiliyə zidd olan bəyanatla yadda qaldı. Daha sonra bu ölkənin Senatı qondarma “Dağlıq Qarabağ respublikasının”müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul etdi və bununla beynəlxalq hüquqa zidd olan növbəti təşəbbüsə imza atdı. Fransa nümayəndə heyətinin Qarabağa qanunsuz səfəri buna qədər sərgilədiyi hüquqa zidd mövqenin davamı kimi dəyərləndirilməlidir və əslində, artıq təəccüb doğurmamalıdır. Ermənistan Xarici işlər nazirinin Xankəndinə gəlişi isə bir daha təsdiq edir ki, bu ölkənin siyasi-hərbi rəhbərliyi avantürist və təxribatçı vərdişlərindən əl çəkmək fikrində deyil.Görünür,bunlar sivil ünsiyyətə hazır deyillər, yalnız yumruqdan sonra başa düşürlər. Dövlətimizin başçısı məhz bu səbəbdən öz çıxışında onlara belə bir ismarıc verdi: “Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik,əgər belə təxribat xarakterli addımlar atılacaqsa,Ermənistan daha da peşman olacaq”. Cənab Prezident çıxışında Fransa nümayəndə heyətinin səfərinə və sülhməramlı qüvvələrin icazəsinə də konkret münasibət bildirdi:”Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki,biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki,bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı,nota verildi.Biz səssiz qalmayacağıq”. Dövlətimizin başçısı yalnız ictimai şəkildə açıqlana biləcək məqamları açıqladı və bununla cəmiyyətimizə ismarıc verdi ki,narahatlıqlar məlumdur vəbütün proseslər dövlətimizin nəzarətindədir.

Qarabağa qanunsuz səfərlərə Rusiya sülhməramlıları tərəfindən icazə verilməsinə şəxsi yanaşmam belədir. Həmin qüvvələrin mənsub olduğu dövlətin birinci şəxsi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan edib. Ya sülhməramlıların Qarabağdakı rəhbərliyi öz prezidentlərinin mövqeyindən xəbərsizdir,ya da Ermənistanın baş diplomatını Azərbaycan vətəndaşı hesab edirlər. Ermənistanın siyasi-hərbi rəhbərlikləri bu illər ərzində o qədər avantüralara imza atıblar ki, sabah Ayvazyan Qarabağa turist kimi gəldiyini bildirsə, bu həyasız izahat da bizlərdə təəccüb doğurmayacaq. Axı, bir vaxtlar onun baş naziri kef məclisindən sonra Şuşada rəqs edib selfi çəkdirməyi də özünə rəva bilirdi. Prezidentimiz demişkən,bəs nə oldu?

-Ülvi müəllim,dövlətimizin başçısı çıxışında cəmiyyətimizi narahat edən bir məsələyə də toxundu. Bu,müharibədən sonra Qarabağ ərazisində zərərsizləşdirilən erməni terror dəstələri ilə bağlıdır. Ermənistanın baş naziri həmin terrorçuların dəyişdirilməsini özləri üçün prioritet hesab edir.

–Ermənistan rəhbərliyi çox şey istəyə bilər. Uzun illər xülyalarla yaşadılar, özləri üçün paralel dünya da yaratmışdılar. Reallıqdan və beynəlxalq hüquqdan uzaq olan bir dünya. 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz onların bu xülyalarını,paralel dünyalarını darmadağın etdi. Prezident İlham Əliyev öz çıxışında Ermənistan rəhbərliyinin bu cür məntiqsiz istəyinə də cavab verdi:”Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz,çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan,Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib?Müharibə ayın 10-da qurtarıb,bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə,bu,onların problemidir”.

Bir daha əmin oluruq ki, Ermənistan sözünü tutan,öhdəliklərinə əməl edən tərəf deyil. Tarixən də belə olub.Ermənistanın bundan sonra da cığallıq etməyəcəyinə,xain əməllərini davam etdirməyəcəyinə zəmanət yoxdur.

– Bəs, sülhməramlılar hara baxır?

– Əvvəlki suallarınızı cavablandırarakən Prezident İlham Əliyevin yanvarın 6-dakı çıxışından sitatlar gətirdim.Əgər Azərbaycanın icazəsi olmadan,viza prosedurlarına əməl edilmədən xarici ölkə vətəndaşlarının Qarabağa gəlişinə imkan yaradılırsa,deməli,sülhməramlıların mandatına yanaşmada mövqelər ya tam üst-üstə düşmür,ya da onun əlavə dəqiqləşdirilməsinə ehtiyac var. Yaxud,əgər noyabrın 10-dan sonra Ermənistanın Şirak vilayətindən Azərbaycan ərazisinə erməni silahlıları keçə bilirsə, bu faktın özü də sülhməramlıların fəaliyyəti ilə bağlı haqlı iradlar yaradır. Cəmiyyətimizi narahat edən bu cür hallara Prezident səviyyəsində açıq münasibətin bildirilməsinə ehtiyac duyulubsa, şübhə etmirəm ki,onlar daha detallı şəkildə ünvanına da çatdırılıb.

Sualınızla bağlı dövlətimizin başçısının başqa bir çıxışını da yada salmağı həm cəmiyyətimiz,həm də Qarabağdakı sülhməramlılar üçün faydalı hesab edirəm. MDB Dövlət Başçıları Şurasının dekabrın 18-də videokonfrans formatında keçirilən iclasında çıxış edərkən Prezident İlham Əliyev belə bir xatırlatma etmişdi: “Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu,ilk belə bəyanat deyil. Düşünürəm ki,bu,çox mühüm bəyanatdır.Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa calışan siyasi qüvvələr üçün vacibdir”.

Rəsmi mövqelər ortada olduğu halda,Rusiya sülhməramlıları rəhbərinin qondarma ”Dağlıq Qarabağ respublikasının” uydurma bayrağı, gerbi altında terrorçu Araiklə şəkil çəkdirməsi cəmiyyətimizi narahat etməyə və onu qıcıqlandırmaya bilməz.Gəncənin mülki əhalisinə qarşı raket zərbəsinə əmr verdiyini etiraf etmiş Araik Arutyunyanın və başqalarının müharibə cinayətkarı olduqları,əminəm ki, sülhməramlılar üçün də sirr deyil. Cəmiyyətimizdə etirazla qarşılanan həm də odur ki,sülhməramlı missiyanın məramı yalnız etnik erməniləri Ermənistandan Xankəndinə qaytarmaqla,hansısa humanitar fəaliyyətlə ölçülməməlidir. Onların əsas vəzifəsi atəşkəsin qorunmasına töhvə verməkdir. Bunun üçün isə, silahlı terror dəstələrinin Ermənistandan ərazilərimizə keçmələrinə imkan verilməməlidir. Nəzərə alınmalıdır ki, üçtərəfli bəyanatın şərtlərinin pozulmasında Ermənistanda maraqlı olan qüvvələr fəaliyyətdədir.

– Bəlkə, Prezidentimiz dəmir yumuruğunu yenə yuxarı qaldırıb, indi də onun gücünü Ermənistandakı revanşistlərə göstərməlidir?

– Əvvəla,nahaq hesab edirsiniz ki,Ali Baş Komandanımız ordumuzun və xalqımızın gücünün rəmzinə çevrilən yumuruğunu artıq aşağı salıb. Düşündüyünüz kimi deyil. Çünki, Prezidentimiz düşmənin xislətinə, məkrli siyasi oyunbazlıqlarına hamıdan daha çox bələddir. Aidiyyəti dövlət strukturlarımız tərəfindən erməni terror dəstələrinin zərərsizləşdirilməsi və bir çoxunun saxlanılması buna sübutdur. MDB Dövlət Başçıları Şurasının dekabrın 18-dəki iclasında Prezident İlham Əliyev Ermənistan tərəfindən bəyanat şərtlərinin pozulacağı təqdirdə nə baş verəcəyi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin başqa bir açıqlamasını da məqsədli şəkildə xatırlatmışdı: “Ondan (V.Putindən) soruşublar ki, Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq, o deyib ki, bu, intihara bərabər olacaq”.

Ermənistan rəhbərliyinin,hakimiyyət uğrunda orada savaşa çıxan qüvvələrin reallıq hissini tam itirdiklərinə inanmıram. Əks təqdirdə,onların intiharı qaçılmaz olacaq. Bu,bizim əlimizlə baş tuta bilər,yoxsa bir başqa qonşusunun, düşünmürəm ki, Ermənistanda olanlar üçün bunun elə bir fərqi olsun.

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə başqa bir ismarıcını da növbəti dəfə təkrar etdi: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək”. Dövlətimizin başçısı həmin ismarıcı təkcə cəmiyyətimizə ünvanlamırdı. Onun əsas hədəfi heç Ermənistan da deyildi. Əsas hədəf son 30 ildə Ermənistanı Azərbaycana qarşı oyunlarında alətə çevirənlərdir, açıq və ya gizlin şəkildə ondan istifadə edən xaricdəki rəsmi dairələr və ermənilərin lobbi mərkəzləridir.

Sualınızın cavabını cənab Prezidentin yanvarın 6-da verdiyi bu ismarıcla bitirmək istərdim: “Yenəmi bizi qıcıqlandırmaq istəyirlər?Unutmasınlar ki,onlara çox baha başa gəldi bu tipli addımlar”.Xalqımızı isə Qarabağda böyük quruculuq,bərpa və abadlıq işlərigözləyir. Cəmiyyətimiz,hər birimiz 30 ilə yaxın müddətdə intizarla,həsrətlə gözlədiyimiz bu müqəddəs işə səfərbər olmalıyıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90