“Azərlotereya”nın yeni rəhbərliyi Azərbaycan xalqına “öteki” yanaşır? – SƏBƏB/ÖZƏL

image-poz2backend

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar, 2021-ci il tarixli sərəncamı ilə, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməsi Türkiyənin məhşur şans oyunları şirkətlərindən olan “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə həvalə edilib. Təbii bu sərəncam, Azərbaycanda lotereya oyunlarının daha şəffaf və səmərəli təşkil edilməsi məqsədilə imzalanmışdı. Ancaq…

Zaman keçdikcə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin yeni rəhbərliyinin Azərbaycanda lotoreya oyunlarına, ən əsası Azərbaycan xalqına biganə yanaşdığını görürük. Hətta bu biganəlik bəzən “tələlər” ilə də yadda qalmışdır. Məsələn, Heç kimə sirr deyil ki, bütün ölkələrdəki yaşlı nəsil yeniliklərə ayaq uydura bilmir. Bir çox yeniliklər var ki, yaşlı nəslin nümayəndələri həmin yenilikləri anlamır və nəticədə qurbana çevrilir. Elə lotereya sahəsi də buna yaxşı nümunədir.

“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin yeni rəhbərliyi də bu amili yaxşı bilmiş olmalıdır ki, yaşlı insanlarımızı asan şəkildə “tələyə” salmaqla öz sərvətini artırmağın effektiv yollarını tapıb.

Belə ki, iddialara görə “Azərlotereya” ASC biletlərin satışını həyata keçirən bir qrup şəxs yaşlı nəslin nümayəndələrinə yaxınlaşaraq onları lotereya bileti almağa dəvət edir. Onlar almaq istəmədikdə, müxtəlif variantlarla bileti almağa təhrik edirlər. Bu haqda əvvəlki yazılarımızın birində ətraflı məlumat vermişik. Həmin yazı ilə keçiddən  istifadə edərək tanış ola bilərsiniz.

“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan xalqına qarşı “ötəki” davranışları bununla bitmir. Yalan informasiyalar ətrafında “qurban yığmaq” lotereyanın adət etdiyi başqa bir özbaşnalıqdır. Bu metodun təməlində isə, insanlarımızı yalan vədlərlə və yalan məlumatlarla həvəsləndirib qumara sövq etmək yatır. Hətta bir müddət əvvəl deputat Tahir Kərimli də bu özbaşnalığa qarşı sərt açıqlama verib: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar”.

Maraqlıdır ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır.

Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır, şəffaflığı pozur.

Bəlli olduğu kimi, Azərbaycanda kazino və qumar hələ ulu öndər prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Elə bu haqda da əvvəllər məlumatlar dərc edilib. Həmin məlumatı da keçidə daxil olaraq oxuya bilərsiniz.

Hətta “Azərlotereya”nın yeni rəhbərliyi Azərbaycanın dövlət qurumlarının müəssələrini də qumarxanaya çevirməkdən qorxmur. Belə ki, “Azərlotereya” ASC-nin “Bakı Metropoliteni” QSC-nin bir neçə stansiyasında satış mərkəzlərini fəaliyyətə başlatması sərnişinlər tərəfindən etirazla qarşılanıb. Bir müddət əvvəl metronun “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Xətai” metro stansiyalarının girişlərində lotereya satış nöqtələri açılıb. Bu isə sərnişinlər arasında birmənalı qarşılanmayıb. Sərnişinlər buna haqlı etirazlarını bildiriblər. Bu haqda “ötəkiləşdirilmiş” sadə Azərbaycan vətəndaşı redaksiyamıza məktubla müraciət edib, bu özbaşnalığa qarşı etirazını bildirib. Həmin şikayət məktubu ilə keçiddən istifadə edərək tanış ola bilərsiniz.

Başqa bir maraqlı nüans odur ki, Azərbaycanın ən mötəbər xəbər aganetliyi olan AZƏRTAC Dövlət Xəbər Agentliyində “Azərlotereya” ilə bağlı bir xəbərdə ən böyük uduşlar haqqında məlumat dərc edilib. Burada sadəcə 25 min manat, 50 min manat və 100 min manat olmaqla üç “böyük” uduşdan söz açılır. Maraqlıdır ki, şirkətin yeni rəhbərliyi açıqlamasında qeyd edib ki, onlar Azərbaycan xalqının cibindən yığılmış toplam vəsaitin nə az, nə çox 63-68 faizini uduşlara yönəldirlər. Belə olan halda böyük uduşlar daha artıq olomalı idi. Ya şirkət yanlış məlumat verir, ya da uduşlar təyin edilən zaman elə bir “şans oyunu” təşkil edirlər ki, uduşların sadəcə az qismi insanlara nəsib olur…

Elə “40 000 000 Pul Yağışı” adlı ani lotereya da başqa bir yalan nümunəsidir. Ya da buradakı “40 000 000 000” vəsait Venesuela bolivarı ilə hesablanır, ya da ki şirkət açıq şəkildə yalan məlumatlarla insanları qumar bataqlığına çəkir. Yox əgər, bu qədər böyük məbləğ vəd etmədiklərini iddia edirlərsə, onda təşkilatçılar anlamalıdırlar ki, bu ad cinayət məsuliyyəti daşıyacaq qədər ciddi yanıltma ehtiva edir. Yox bir, 40 milyon dollar paylayacaqdılar..

Bütün araşdırmalar göstərir ki, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin yeni rəhbərliyi Prezidentin ehtimadını doğrultmamaqla bərabər, Azərbaycandakı lotereya bazarını “qumar bazarı”na çevirib və sıravi Azərbaycan vətəndaşı min bir əziyyətlə qazandığı pulunu yalan və şişirtmə məlumatlarla bəzədilmiş bu qumarda itirir..

Bu “ötəki” münasibətin sadəcə bir səbəbi var. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin yeni rəhbərliyi Azərbaycanı sadəcə bazar olaraq görür, burada yaşayan insanlara insan deyil, qurban olaraq yanaşır. Hədəf bəllidir: qurbanı tora salıb, onun cibindəki “qəpik-kuruş” ilə sərvət toplamaq. Ümid edirik ki, bu kimi problemlər Azərbaycan xalqının rifahı, xoşbəxtliyi və xoş güzəranı prinsiplərində həllini tapacaq…

Busaat.az/Emin Fərzəliyev

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90