Bakı-İrəvan danışıqları: “Sülh sazişindən öncə kommunikasiyaların açılması…” – AKTUAL

image-eksbackend
image-ad_qayo_720x110px

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarından və sazişin imzalanma ehtimalından danışıb. Baş nazir qeyd edib ki, İrəvan bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. Paşinyan qeyd edib ki, bundan əvvəl əldə olunan razılaşmalara əsasən, hazırkı mətn kifayət qədər dolğundur: “Son sətirlərində düzəlişlər, əlavələr edilib imzalana bilər”. Ermənistan baş naziri sülh müqaviləsi imzalanana qədər Azərbaycanla kommunikasiyaların açılmasını da mümkün hesab edir. Onun fikrincə, regional kommunikasiyaların açılması sülh müqaviləsinin imzalanmasından daha tez ola bilər. Paşinyan hazırda ölkədə gedən etiraz aksiyalarına da toxunub. Baş nazir müxalifətin parlamentin qarşısında təxribat törədəcəyini istisna etməyib: “Əgər polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirirsə, deməli, onların əlində bəzi qrupların burada təxribat törədəcəyinə dair informasiya var”. Qeyd edək ki, Ermənistan xarici işlər naziri Arorat Mirzoyan, parlament sədri Alen Simonyan da Azərbaycanla qısa zamanda sülh sazişinin imzalana biləcəyini istisna etməyiblər.

Politoloq İlqar Vəlizadə açıqlamasında deyib ki, sülh müqaviləsinin Ermənistanın mövcud konstitusiyasında dəyişiklik olmadan imzalanması çox çətin olacaq.

Ekspertin sözlərinə görə, Ermənistanın müxalif dairələri, revanşist qüvvələr bu sülhü anti-konstitusion addım kimi sayacaqlar:

“Hətta həmin qüvvələr Ermənistanda konstitusiya məhkəməsinə müraciət etsələr, məhkəmə qanunvericilikdəki bəndləri əsas götürərək sülh sazişini qanunsuz hesab edə də bilər. Ona görə Azərbaycan tərəfi sülh sazişinin imzalanması üçün yaxşı şəraitin yetişdiyini vurğulamaqla yanaşı, təkid edir ki, İrəvan hökuməti mütləq konstitusiya dəyişikliyinə getməlidir. Qeyd etdiyim gərginliyin, xaotik təşəbbüslərin yaşanmaması üçün sülh öncəsi konstitusiyanın dəyişdirilməsi labüddür. Amma Paşinyanın bildirdiyi kimi sülh sazişindən öncə kommunikasiyaların açılması mümkündür. Bununla bağlı ayrıca danışıqların aparılmasında problem yoxdur. Sərhədlərin müəyyənləşməsi məsələsi də tərəflər arasında xüsusi müzakirə predmetidir və davamlı görüşlər keçirilir. Düzdür, hazırda məhz İrəvanın mövqeyinə görə, üçtərəfli – Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət komissiya fəaliyyət göstərmir. Ona görə də kommunikasiyalar məsələsi Bakı-İrəvan arasında artıq ikitərəfli qaydada müzakirə olunur. Ancaq gördüyümüz kimi tərəflər konkret mövqeyə, ortaq məxrəcə gələ bilməyiblər. Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı qeyri-real fikirlər səsləndirir. Azərbaycanın dəhlizlə bağlı tələbləri Ermənistan tərəfindən qəbul edilərsə, kommunikasiyalar tezliklə açıla bilər. Əks halda bu məsələdə də irəliləyiş gözləmək əbəsdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki