Bakını tıxacdan necə çıxarmalı? – BİZİM MÜLAHİZƏ

image-tixac-620x403backend

Bakı yollarında tıxac həlli müşkülə dönən problemə çevrilib.

Zaman keçdikcə, bu problem daha da kəskin xarakter alır. Paytaxt yollarındakı tıxaclar kütləvi informasiya vasitələrində gündəlik müzakirə mövzusudur desək, yanılmarıq. Müxtəlif səbəb və bəhanələr gətirilir, çıxış yolları aranır. Amma problemin həlli tapılmır. Əslində yol zolaqlarının artırılması, hansısa küçədə işıqforun quraşdırılması kimi tədbirlərlə Bakının tıxac probleminin həlli mümkün deyil.

Necə ki, bu, təcrübədə də özünü göstərib. Hesab olunur ki, problemi yaradan səbəb paytaxtın plansız şəkildə inkişafı və ictimai nəqliyyatın mövcud formada fəaliyyətidir. Bakıda hər kəs şəxsi avtomobilinin olmasını arzulayır.

Çünki şəxsi avtomobillə tıxacda qalmaqla belə mənzil başına dəfələrlə tez və rahat çatmaq mümkündür. Məsələn, şəxsi avtomobillə yarım saata gedilən bir məkana ictimai nəqliyyatdan istifadə etməklə 1,5 saata çatmaq mümkündür. Sərnişinin itirdiyi isə yalnız vaxt olmur. İnsanlar basabas avtobusda əsəblərini itirir və mənzil başına çatmazdan əvvəl fiziki olaraq yorulur.

Ona görə də avtomobili olan adam düşünür ki, tıxacda qalmalı olsa belə, bu müddətdə şəxsi avtomobilində daha komfortlu bir şəraitdə olsun. Yəni Bakı sakininin hər yerə şəxsi avtomobili ilə getmək istəyinin arxasında duran səbəb məhz ictimai nəqliyyat sektorunun yarıtmaz fəaliyyətidir.

Paytaxt yollarında ictimai nəqliyyat zolaqlarının təşkil olunması çıxış yollarından biri kimi göstərilir. İkiistiqamətli bu zollaqlar avtomobil yolunun ortasında yaradılır və xüsusi vasitələrlə əhatələnir. Onlara şəxsi avtomobillərin daxil olması mümkün olmur. Piyadalar isə ictimai nəqliyyat zolağının üstündən sadə formalı keçidlərdən istifadə etməklə keçə bilərlər. İctimai nəqliyyat zolaqlarında kiçik tutumlu avtobusların intensiv hərəkəti təmin edilir.

Zolaqlarda sərnişinlərin dayanıb, avtobus gözləməsi üçün avtomobil cibləri yaradılır. Bu zolaqların təşkil olunması həm də avtomobil yollarının genişləndirilməsini zəruri edir. Bunun üçün isə yol kənarındakı tikintilər, obyektlər sökülərək, avtomobil yollarının eninə genişləndirilməsi təmin edilir. Bütün şəhər boyu bu cür zolaqların yaradılması isə heç də asan məsələ deyil. Bu zolağı şəhərin bir yerində təşkil edib, digər bir hissəsində əvvəlki strukturu saxlamaq heç bir effekt verməyəcək. Bütün şəhər boyu belə bir strukturun formalaşdırılması isə sistemli iş tələb edir.

Bir sözlə, bu məsələ paytaxtın Baş Planına salınmalıdır. Baş Planda şəhərdə sıxlığın aradan qaldırılması üçün digər variantlar, yolkənarı tikintilərin yerinin dəyişdirilməsi də əhatə olunmalıdır.

Ekspertlər hesab edir ki, əgər ictimai nəqliyyatın normal fəaliyyəti bərpa olunarsa, sakinlər heç də hər yerə şəxsi avtomobilləri ilə getməyə can atmayacaqlar. Bununla da payaxt küçələrində maşın sayı əhəmiyyətli dərəcədə azalacaq. Yəni bu mexanizmi tətbiq etməklə həm avtomobil yollarındakı tıxacların, həm də sənişindaşımada sıxlığın qarşısı alınır. Sonda qeyd etmək yerinə düşərdi ki, Bakı şəhərinin yeni Baş Planı ilkin layihəsi ötən il təqdim olunsa da, Baş Plan bu dəfə də tamamilə hazırlanıb ictimaiyyətin müzakirəsinə verilmədi.Cebhe.info

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90