İngiltərənin Yorkşir əyalətində “bir metrlik dinozavr izi” tapılıb.
Busaat.az CNN-ə istinadən xəbər verir ki, nəhəng ətyeyən dinozavrlara aid olduğu düşünülən ayaq izi 2021-ci ilin aprelində Yorkşir sahillərində yerli arxeoloq Mari Vuds tərəfindən aşkar edilib.
Vuds “Britaniya adalarının dinozavrları” kitabının müəllifi və Mançester Universitetinin paleontoloqu Dr. Dinn Lomaks ilə əlaqə saxlayıb. Lomaks əvvəlcə bunun zarafat olduğunu düşündüyünü və Marinin çölə çıxıb sahildə belə bir izi görməsinin qeyri-mümkün olduğunu deyib.
Vudsun tapdığı bu iz ərazidəki sayca altıncı izdir, birincisi 1934-cü ildə tapılıb.
166 milyon il əvvələ aid olduğu təxmin edilən ayaq izinin vəhşi “Meqalozaurusa” bənzər dinozavrlara aid olduğu güman edilir.
Dövrünün ən böyük yırtıcılarından biri olan Meqalozaurusun iti dişləri ilə silahlanmış böyük kəllə sümüyü var idi və bədəninin uzunluğunun 8-9 metrə çatdığı təxmin edilir.
Kəşf Yura dövründə nəhəng ət yeyən dinozavrların bölgədə mövcud olmasına dair sübutları gücləndirir.
Bu illər ərzində Yorkşir sahillərində minlərlə dinozavr ayaq izi və çoxsaylı fosil tapılıb. Ancaq təxminən bir metr uzunluğunda olan ayaq izi bölgədə tapıntıların ən böyüyü hesab olunur.
Fosilləşmiş ayaq izi üzərində işlər tamamlandıqdan sonra ictimaiyyətə nümayiş etdiriləcək.
Ayaq izinin qiymətləndirilməsinin aparıldığı araşdırma “Proceedings of the Yorkshire Geological Society” jurnalında dərc olunub.