“Barselona” cinah oyunçusu Ansu Fatini “Brayton”a icarəyə verəcək.
Busaat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün sosial media səhifəsində yazıb.
Mənbənin məlumatına görə, hücumameyilli futbolçu “Brayton”un təklifini qəbul edib. Qağayıların baş məşqçisi De Zerbi bu qərarda əsas amildir.
Bildirilir ki, yaxın vaxtlarda tərəflər sövdələşmənin bütün detallarını nəhayət həll edəcəklər.
2022/2023 mövsümündə Fati “Barselona”nın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə bu futbolçunun təxmini dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, daha əvvəl Fati ilə İngiltərənin daha iki klubunun – “Çelsi” və “Tottenhem”in də maraqlandığı bildirilirdi.