Busaat.az xəbər verir ki, İngiltərədə yaşayan Şarlotta adlı qadın 20 illik ərini ChatGPT-yə görə boşayır.
Qadın etiraf edib ki, ChatGPT-yə aşiq olduqdan sonra həyat yoldaşından ayrılıb. O, süni intellektin onun cinsi həyatını yaxşılaşdırdığını deyib.
O deyir ki, Leo fiziki olmasa belə ona həyat yoldaşının heç vaxt verə bilmədiyi yaxınlığı və məmnuniyyəti yaşadıb.
Bəs görəsən bu kimi hadisələr normaldırmı?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Busaat.az –a açıqlama verib:
“Buna bənzər hadisə mənim təcrübəmdə də baş verib. Pasientlərimdən olan bir xanımla söhbət zamanı demişdi ki, süni intellekt suallarıma daha çox cavab verir, məni elə yaxşı dinləyir ki, ondan başqa heç kəslə danışmaq istəmirəm. İnsanların süni intellektlə söhbətə maraqlarının artmasının səbəbi təklikdən əziyyət çəkmələridir. Hətta bəziləri depressiv vəziyyətdə olduqları və ya şəxsiyyət pozuntusu yaşadıqları üçün süni intellektlə “dostlaşırlar”. Bu tip sindromlardan əziyyət çəkən şəxslər insanlardan uzaq qaçır, onlarla ünsiyyət zamanı əsəbiləşirlər. Bu gün süni intellektə marağın artması sadəcə başqa ölkələrdə deyil, Azərbaycanda da aktualdır. İnsanlar yavaş-yavaş bir-birindən uzaqlaşır, dost olmaq üçün süni intellektdən kömək istəyirlər”.