Daha bir şirkət DƏLƏDUZLUĞU: “İnşaat Konstruksiyaları” MMC yalan vədlərlə bizi aldadır” – ŞİKAYƏT

image-insaat5backend

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 33 ünvanında tikilməkdə olan binadan ev alan vətəndaşlar mənzillərini təhvil ala bilməmələrindən şikayətçidirlər.

Busaat.az redaksiyasına şikayət məktubu ilə müraciət edən vətəndaşlar “İnşaat Konstruksiyaları” MMC tərəfindən aldadıldıqlarını, şirkət tərəfindən tikintinin başa çatdırılmaması nəticəsində pis vəziyyətə düşdüklərini qeyd ediblər.

Şikayətçilər bildirirlər ki, ərazidə 2019-cu il yay aylarından etibarən iş, demək olar, ki, dayandırılıb, halbuki 2018-ci ilin sonlarında bina təhvil verilməliydi.

Vətəndaşlar qeyd edirlər ki, “İnşaat Konstruksiyaları” MMC tərəfindən sözügedən yaşayış binasının dövlət nəzarətində olması və dövlətin xüsusi dəstəyi ilə inşaat işlərinin aparıldığını bildirilməsi, üstəlik inşaat layihəsinin 4-cü “Pilot layihə” olması və bundan öncəki 3 pilot layihənin təhvil verilməsi onları yaşayış binasının digər layihələr kimi təhvil veriləcəyinə inandırıb.

Lakin artıq iki ildir ki, nə şirkətdən, nə də onların yalan vədlərindən xəbər var.

“Bu barədə Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma Arxitektura Komitəsinə dəfələrlə fərdi və kollektiv şəkildə müraciət olunsa da, heç bir nəticə olmur və vətəndaşlara şablon formada cavab verilir. Son vaxtlarda isə biz mənzil sahiblərinin müəyyən bir hissəsi yığışaraq “İnşaat Konstruksiyaları” MMC-yə müraciət etdik. Müraciətimizin əsas səbəbi tərtib edilən müqavilələrə əsaslı şübhələrimizin olması idi. Müqavilədə göstərilən mərtəbə və mənzillər həqiqəti əks etdirmir və bu da bizə bir mənzilin bir neçə nəfərə satıla biləcəyi təəssüratını yaradır. Bəzi sakinlərimiz öz mənzilinə yaxınlaşdıqda tikilməkdə olan binanın özünə aid olan mənzilinin divarında “satılır” yazılarını belə görmüşdü. Müraciət etdiyimiz zaman bizi bir bir qəbul edərək, hər birimizə bir söz dedilər. Kiməsə binanın sentyabr ayında, kiminə isə ilin sonunadək təhvil veriləcəyi bildirilmişdir. Bir sıra mənzil nömrələri üst-üstə düşür. May ayının sonlarında mənzillər və mülkiyyətçilərinin siyahısını tərtib edib şəffaf şəkildə bizə göstərəcəklərini bildirsələr də, bu günə qədər bu günə qədər həmin siyahını bizə göstərmirlər”, – deyə şikayətçilər bildirib.

“İnşaat Konstruksiyaları” MMC-nin təsisçisi Rauf Əliyevin şikayətçilərlə görüşdən yayındığı, zənglər cavab vermədiyi bildirilir.

Qeyd edək ki, çarəsiz vəziyyətdə qalan vətəndaşlar prezident İlham Əliyevə şikayət ərizəsilə müraciət ediblər.

Şikayətçilərin istəyi prezidentin məsələni nəzarəti altına götürməsi, tikinti işlərinin tezliklə başa çatdırılması üçün tapşırıq verilməsi və “İnşaat Konstruksiyaları” MMC-nin fəaliyyətinin yoxlanılmasıdır.

Emin

image-insaat5 image-insaat1 image-insaat2 image-insaat3 image-insaat4

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90