Bəzi insanlar var ki, gəlişi ilə ətrafına işıq saçır, keçdiyi ömür yolu ilə unudulmaz iz qoyurlar.
Ramazan Rafiq oğlu Məmiyev məhz belə oğullardan idi. 44 günlük Vətən Müharibəsində göstərdiyi rəşadət, fədakarlıq və polad iradəsi ilə o, adını şanlı zəfər tariximizə qızıl hərflərlə yazdırdı.
Laçının sərt dağlarında, ən çətin şəraitdə 8 ay boyunca manqa komandiri kimi xidmət edən Ramazan döyüş meydanında cəsarəti ilə seçilirdi. Onun komandirliyi altında keçirilən mühüm əməliyyatlardan birində 8 erməni hərbçisinin əsir götürülməsi və onlara “Qarabağ Azərbaycandır!” kəlməsinin dedirdilməsi bir Azərbaycan əsgərinin müraciət edildikdə nə qədər qürurlu duruş gətirə biləcəyinin sübutu idi. Dövlətimiz tərəfindən “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən Ramazan hər birimiz üçün qürur mənbəyi idi.
Lakin qismətin acı tərəfi bax buradadır… Mərmi yağışlarının, odun-alovun içindən sağ-salamat çıxan, düşmənin gözünə dik baxan bir qəhrəmanın ömrünün dost evində yarıda qalacağını kimsə təsəvvür belə edə bilməzdi.
Yanvarın 28-də Ramazan qonaq getdiyi dostunun kirayə qaldığı mənzildə anidən dünyasını dəyişdi. Rəsmi ilkin ehtimal kimi ölüm səbəbi qaz sızması göstərilsə də, ortada cavabsız qalan və insanı dərin düşüncələrə qərq edən müəmmalar var.
Anasının haqlı fəryadı və şübhələri də elə buradan başlayır. Oğlunu böyüdüb Vətənə bəxş edən ana bu ölümün sadə bir bədbəxt hadisə olduğuna inanmır, balasının bu cür amansız gedişi ilə barışa bilmir.
Gözü yolda qalan, övlad həsrəti ilə yanan o ananın acısı elə bir həddədir ki, Ramazanın ölümündən bu günə qədər hər gün onun iş masasının üstünə isti bir çay süzüb qoyur…
Bəlkə də balasının bir gün qapını açıb “gəldim, ana” deyəcəyinə olan son ümidini elə o çay stəkanında yaşadır. Lakin bu kövrək mənzərənin arxasında böyük bir sual işarəsi və fəryad dayanır. Hadisədən dərhal sonra qəhrəmanın pulunun, bank kartlarının, mobil telefonunun və qiymətli qol saatının həmin mənzildən şübhəli şəkildə yoxa çıxması sıradan bir qəza görüntüsünün arxasında başqa məqamların dayandığına dair ciddi işarədir.
Müharibənin amansız üzündən keçib gələn bir igidin əşyalarının belə bir anda yoxa çıxması hansı vicdana, hansı insanlığa sığır?
Hazırda faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başladılıb və istintaq davam edir. Bütün bu iddiaları və şübhələri əks etdirən videomateriallar redaksiyamızın arxivində saxlanılır. Ədalətin bərqərar olacağına, bu müəmmalı ölümün qaranlıq məqamlarına tam işıq düşəcəyinə və ananın yanan qəlbinə bir zərrə də olsa məlhəm olacaq həqiqətin üzə çıxacağına inanırıq.
Vətən cəbhəsində dastan yazan Ramazan Məmiyevin ruhu qarşısında baş əyirik
Allah rəhmət eləsin!










