Bəzən vətəndaşlar əmək haqqlarından pul tutulduğu üçün narazılıq edir.
Məsələn, banka borcu olanlar, bunu birdəfəlik ödəyə bilməyənlərin maaşından pul tutula bilir. Yaxud aliment ödənişinin alınması üçün belə hallar müşahidə olunur.
Ümumiyyətlə, başqa hansı hallarda əmək haqqından pul tutula bilər?
Busaat.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır:
“Bundan sonra qətnaməni icra edən məmur işlədiyiniz yerə sərəncam göndərir və pulun tutulmasını tələb edir. Belə hallarda borc məbləği qurtaranadək əmək haqqından tutulma həyata keçirilir. İkinci halda isə şəxsin razılığı olmadan vergilər və sosial sığorta haqları əmək haqqından tutulur. Həmçinin, iş yerinə ziyan vurmusunuzsa, bu, bir aylıq əmək haqqının məbləğindən artıq deyilsə, maaşdan pul tutulması mümkündür”.
Vəkilin sözlərinə görə, digər hallardan biri də ezamiyyətlə əlaqəlidir: “Məsələn, iş yerindən verilmiş tapşırığın icrası üçün kənara getmisiniz, amma ezamiyyət pulundan qalmış məbləği də xərcləyirsiniz. Belə olan halda, qanunla əmək haqqından tutulmaya icazə verilir. Lakin maaşın az və ya çox olmasından asılı olmayaraq, 50 faizindən artıq pul tutula bilməz. Aliment ödənişləri üçün isə 70 %-dək məbləğdə tutulmaya yol verilir”.