Əmanətlərin sığortalanması mexanizmində nə çatmır? – İqtisadçı rəyi

Əmanətlərin sığortalanması mexanizmində nə çatmır? – İqtisadçı rəyibackend

“Əmanətlərin Sığortalanması Fondu bağlanmış bankların üstün mövqeyə malik ən böyük kreditoruna çevrilir”.

Busaat.az xəbər verir ki, bunu əmanətlərin sığortalanması mexanizmindəki çatışmazlıqlara toxunan iqtisadçı Samir Əliyev bildirib.

Samir Əliyevə görə, mövcud mexanizm qorunan əmanətçiləri dəstəkləsə də, ümumilikdə bank sektoru üçün uzunmüddətli dövrdə məqbul deyil. Çünki bu mexanizmlə bağlı müəyyən boşluqlar var:

“Əmanətlərin tam sığortalanması mexanizmi əmanətlərin müxtəlif banklar üzrə paylanmasını yox, onların bir bankda toplanmasını təmin edir və bununla da bankların iri əmanətçilərdən asılılığı artır. Müxtəlif səbəblərdən iri əmanətçilər vəsaitlərini bankdan geri çəkəndə böyük məbləğdə vəsaitin bir anlığa çıxarılması bank üçün likvidlik problemi yaradır. Eyni zamansa əmanət bazarında təmərküzləşmə dərinləşir. Bankların bağlanması və cəmiyyətdə bu prosesin davam edəcəyi ilə bağlı gözləntinin olması əhalini vəsaitlərini iri banklara qoymağa sövq edir. Nəticədə vəsaitlər ən böyük banklarda toplanaraq onların bazar payını daha da artırır, kiçik banklar isə resurs cəlb etməkdə çətinlik çəkərək bazarı tərk etmək təhlükəsi ilə üzləşirlər”.

Samir Əliyev vurğulayıb ki, digər çatışmazlıq qanunvericilikdə kompensasiyaların verilməsinə başlanma tarixinin dəqiq göstərilməməsidir:

“Əmanətlərin sığortalanması haqqında” qanunun 28-ci maddəsinə görə, ƏSF sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Burada qanunvericilik konkret olaraq kompensasiyaların verilməsi tarixini yox, kompensasiyanın verilməsi ilə bağlı elan verilməsinə münasibətdə reqlamenti müəyyənləşdirib. Qanunda yeganə olaraq Fond üzərinə kompensasiyanın verilməsinin son tarixini (əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində) öhdəlik olaraq qoyub. Elə bunun nəticəsidir ki, son 10 ildə bağlanmış banklarda kompensasiyaların ödənilməsi prosesinin xeyli zaman tələb etməsi nümunələri mövcuddur.

Məsələn, sığorta hadisəsi baş verdikdən 40 gün sonra “Dəmirbank” ASC-də, 35 gün sonra “Yunayted Kredit Bank” ASC-də, 18 gün sonra “Royalbank” ASC-də kompensasiyaların verilməsinə başlanıb. “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi 28 aprel 2020-ci il tarixində baş versə də, kompensasiyaların verilməsinə iyun ayının 1-dən – 33 gün sonra başlanacaq. Bu tarixdən etibarən kompensasiyalar 30 min manat ekvivalentinədək olan əmanətlər üzrə veriləcək. Yalnız iyulun 1-dən etibarən digər əmanətlər qaytarılacaq.

Lisenziyası geri alınan sonuncu banklar “NBC Bank” ASC və “AG Bank” ASC üzrə sığorta hadisəsi 14 may 2020-ci il tarixdə baş verib. Bu banklar üzrə kompensasiyaların verilməsinə iyun ayının 16-dan – 32 gün sonra başlanacaq. Bu tarixdən etibarən kompensasiyalar 30 min manat ekvivalentinədək olan əmanətlər üzrə veriləcək. Digər əmanətlərin qaytarılmasına isə iyulun 1-dən etibarən başlanacaq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90