“Ərdoğanın Şuşa səfəri Ermənistana və onun havadarlarına açıq mesajdır” – Partiya sədri

image-ilham-erdoganbackend

“Türkiyə regionda sülhün möhkəmlənməsi üçün əlindən gələni edəcək”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşaya ziyarətini dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədrinə görə, bu ziyarət Türkiyənin dövlətimizə və xalqımıza növbəti açıq dəstəyinin ifadəsidir. Bununla yanaşı, Azərbaycanla güc dilində danışmaq istəyən, özünü hegemon kimi aparan Fransa kimi ölkələrə və onun yandaşlarına Türkiyənin “əzələ” nümayişidir:

“Ərdoğan bu səfəri ilə bir daha Türkiyənin Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə həlledici gücə sahibi olduğunu nümayiş etdirir. Həmsədrlik meyarlarını ayaqlar altına ataraq özünü Ermənistanın himayəçisi kimi göstərən və işğalçı ölkənin yanında yer alan Fransaya isə başa salınır ki, Azərbaycan da tək deyil, Türkiyə istənilən məsələdə və hər zaman Azərbaycanın yanındadır. Reallıqları bilərəkdən təhrif etmək, Ermənistanı və Fransanı ağ rəngdə, Türkiyəni isə qara planda təqdim etmək lazım deyil. Hazırda Ermənistanı kimin qızışdırdığı gün kimi aydındır.

Bölgədə marağı olan supergüclər Ermənistana havadarlıq etməyə davam etdirir və eyni zamanda da regionda kövrək sülh atmosferini pozmağa, münaqişəni yenidən alovlandırmağa çalışırlar. Onlar Paşinyandan alət kimi istifadə edərək bu dəfə “beynəlxalq müşahidəçilər” qismində yenidən bölgəyə qayıtmağı, Cənubi Qafqazdakı proseslərdə fəal rol almağı hədəfləyirlər. Azərbaycan-Ermənistan sərhədində ermənilər tərəfindən törədilən təxribatlar da, ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin atəşə tutulması da məhz bu xain hədəflərin həyata keçirilməsinə xidmət edir. Lakin onlar hər zamankı kimi qarşılarında yenə də Türkiyəni görürlər”.

Əlisahib Hüseynov qeyd edib ki, Türkiyə həqiqətən də bölgədə sabitləşdirici, neytrallaşdırıcı güc missiyasını uğurla yerinə yetirərək Ermənistanın və onun havadarlarının revanşist, geosiyasi planlarının qarşısını alır:

“Azərbaycanın 44 günlük müharibədəki qələbəsini heç kim onun əlindən ala bilməz, müharibənin nəticələrini heç kim dəyişə bilməz. Eyni zamanda 10 noyabr razılaşmasının müddəaları tam şəkildə yerinə yetirilməlidir, bölgədə qalıcı sülh təmin edilməlidir. Postmüharibə dönəmində bölgədə Türkiyəsiz heç bir problemin effektli çözüm yolunun olmayacağını artıq hər kəs bilməlidir.
Ərdoğanın Şuşaya səfəri həm də istər Ermənistana, istərsə də onun havadarlarına “Şuşadan gözünüzü çəkin, Şuşa Azərbaycanın və bütün Türk dünyasının mədəniyyət paytaxtıdır” ismarıcının verilməsidir. Şuşaya səfər etmək qardaş ölkənin liderinin təbii haqqıdır.

44 günlük müharibədə parlaq qələbəmizdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidentini Şuşaya dəvət etməsi bir qardaşlıq nümunəsidir. Artıq bu tarixi səfərin baş tutmasına sayılı günlər qalıb. Bu səfər onu göstərir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan qardaş Türkiyə bundan sonra da hər daim bizim yanımızda olacaq. İki ölkə arasında münasibətlər böyük öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin tarixi ifadələrindən güc alaraq inkişaf etməyə davam edəcək”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90