“Danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edirdi, lakin bu ifadə qəbul olunmadı”.
Bunu Ermənistan-Azərbaycan arasında sülhün əldə olunması üçün Vaşinqtonda, Brüsseldə, son olaraq isə Moskvada keçiriləcək görüşün nəticələri barədə fikirlərini bölüşən politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, dünən saatlarla davam edən Brüssel görüşləri məntiqi olaraq davam edəcək. Azərbaycan ən başdan bu prosesə sadiqdir. Bizim üçün isə ritorik sual budur: Brüssel danışıqlarında nə baş verdi?
“Danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edirdi, lakin bu ifadə qəbul olunmadı. Nəticədə Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Almatı bəyannaməsinə istinad var. Ermənistan Azərbaycanın ən azı 86 600 kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyıb. Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı heç nə qeyd edilmir, yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Bütün bu faktorlarla yanaşı Fransanın və Rusiyanın Brüssel formatını sabotaj etmək cəhdləri də aradan qalxdı. Nəticədə Aİ mərkəzli danışıqlar qaldığı yerdən davam edir. Brüssel formatının uğuru onun işləkliyindən asılı olacaq. İstənilən halda tələsmək olmaz. Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməlidir. Şarl Mişelin bu məsələdə dinamik təzyiqləri həlledici olacaq”, – politoloq deyib.
Ələsgər / Busaat.az