Ermənistan üçtərəfli Bəyanata niyə əməl etmir?-ŞƏRH

image-bayanatbackend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla birgə mətbuat konfransında Ermənistanın Azərbaycan ərazilərinə hərbçilər göndərməyə son qoymalı olduğunu bildirib.

Nazir əlavə edib ki, Azərbaycan üçtərəfli 10 noyabr bəyanatının bəzi maddələri üzrə hələ də Ermənistandan konstruktiv yanaşma görmür: “Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birəşmələrini çıxarmaq öhdəliyini götürüb. Ermənistan Azərbaycan ərazilərin hərbçilərin göndərilməsinə son qoymalıdır. Bu, regionda sülh və sabitliyin təmin olunmasına təhdidlər yaradır”.

Bəs, Ermənistan kimə arxalanır və Bəyanata əməl etməməsinin səbəbi nədir? Proseslər belə davam etsə, Azərbaycanın cavabı necə olmalıdır?

Mövzunu Busaat.az-a dəyərləndirən politoloq Nurlan Qələndərli bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat 44 günlük müharibədə məğlubiyyətə uğramış Ermənistan üçün kapitulyasiya aktıdır: “Eyni zamanda, Bəyanatdan irəli gələn vəzifələrin tam və qeyd-şərtsiz yerinə yetirilməsi Ermənistan dövlətinin siyasi-hüquqi öhdəliyidir”.

“Doğrudur, işğalçı–təcavüzkar siyasəti iflasa uğradılmış və hərbi müstəvidə darmadağın edilmiş Ermənistan bəhs olunan bəyanatın bəzi maddələri üzrə konstruktiv yanaşma ortaya qoymur, müxtəlif manipulyasiyalar vasitəsilə pozuculuq fəaliyyəti ilə məşğul olur. Təbii ki, burada əsas məsələ bəyanata uyğun olaraq Ermənistanın Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrini çıxarmaq öhdəliyinə əməl edilməməsi ilə bağlıdır. Daha dəqiq desək, Ermənistan Azərbaycan ərazilərinə hərbçilərin göndərilməsinə son qoymalıdır. Çünki bu cür addımların Ermənistan üçün heç bir perspektivi, faydası yoxdur və onlar dağıdıcı mövqe fonunda belə təxribatlarla istədikləri nəticəni əldə edə bilməyəcəklər”-deyə, politoloq vurğulayıb.

image-nurlan-q

O, 44 günlük müharibənin Azərbaycanın siyasi-diplomatik cəbhədə olduğu kimi, hərbi müstəvidə də öz şərtlərini diktə edəcək və konkret nəticə qazanacaq qədər qüdrətli olduğunu göstərdiyini əlavə edib: “Yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsdiq edir. Ermənistan məhz bu faktı nəzərə alaraq reallıqdan çıxış etməli, rasional və praqmatik mövqe tutmalıdır. Nəzər almalıdır ki, bütün hallarda Azərbaycan öz ərazilərində antiterror əməliyyatları vasitəsilə təhlükəsizliyi tam təmin etmək, istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır və bu istiqamətdə müvafiq addımlar atılır. Bu, eyni zamanda, Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda regional sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından strateji əhəmiyyətə malikdir”.

“Bütövlükdə, həm regional təcrid vəziyyətində olan, həm də müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın üçtərəfli bəyanatın tələblərini tam icra etməkdən başqa başqa çıxış yolu-əlavə şansı və alternativ imkanları yoxdur”-Qələndərli fikrini yekunlaşdırıb.

Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90